Vətən üçün canından keçənləri unutmaq olmaz


Böyük şirkətlər, holdinqlər, sahibkarlar, xeyriyyəçilər də fəal olmalıdır

Hər bir şəhid ailəsi və qazi dövlət, xalq üçün əzizdir, qayğı ilə əhatə olunmalıdır

Azərbaycan dövləti Vətən uğrunda döyüşənləri heç vaxt unutmayıb, unutmur da. İstər şəhid ailələri olsun, istərsə də müharibədə sağlamlığını itirənlər, müharibə veteranları və iştirakçıları, dövlət qayğısı onların hamısına istisnasız şamil edilir. Azərbaycan dövləti vətəndaşlarının sosial müdafiəsini daim həyata keçirir. Birinci Qarabağ savaşında şəhid olanların ailələrinə göstərilən dəstəyi, müharibə əlillərinin təminatının yaxşılaşmasına yönəlmiş layihələrin icrasını Azərbaycan xalqı hər zaman müşahidə edib. Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlillərinin dövlət tərəfindən qayğı ilə əhatə olunması davam edir. Hətta ötən illərdəkindən daha yüksək səviyyədə. Buna isə əlbəttə ki, Azərbaycan dövlətinin son 10 illikdə əldə etdiyi iqtisadi inkişaf, dövlət büdcəsinə daxilolmaların artımı böyük imkanlar yaradır. Azərbaycan dövləti hər sahədə olduğu kimi şəhid ailələri və müharibə əlillərinin sosial təminatının davamlı şəkildə yaxşılaşdırılmasında bilavasitə vətəndaş və ictimai maraqlardan çıxış edir. Harda ki, vətəndaşa kömək lazımdır, dövlət dəstəyini o istiqamətə yönəldir. Bununla bağlı çoxsaylı misallar çəkmək olar. Sadəcə, Prezident İlham Əlieyevin fərmanı ilə “Yaşat” Fondunun yaradılmasını xatırlatmaq, bizcə kifayət edər. “Yaşat” Fondu məhz 44 günlük Vətən müharibəsindən sonra yaradıldı. Lakin Fondun Əsasnaməsində xüsusi olaraq vurğulanır ki, Fond Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, şəhid, qazi olmuş bütün şəxslərə, onların ailələrinə yardım məqsədilə yaradılıb. Yəni burada istisnalar yoxdur. Nə zaman, harada döyüşməsindən asılı olmayaraq Vətən üçün canından keçmiş hər bir vətəndaş dövlət üçün əzizdir və qayğı ilə əhatə olunacaq.           

Şəhid və qazilərə qayğının bariz nümunəsini Prezident özü göstərir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamların icra olunması nəticəsində indiyədək neçə şəhid ailəsi, müharibə əlili mənzillə, avtomobillə təmin edilib, tibbi müalicəyə ehtiyacı olanların müalicə olunması təmin edilib. Dövlət başçısının imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzil, fərdi evlə təmin ediləcəyi gözlənilir. Bu işlər davamlı olaraq aparılır. Prezident İlham Əliyev bir müddət əvvəl Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edərkən də bu məsələlərə toxunmuşdu. Xatırladaq ki, Ramana qəsəbəsində yeni yaşayış kompleksinin inşası ilə yanaşı, Şağan qəsəbəsindəki Reabilitasiya Mərkəzi də əsaslı təmir edilib. Mərasimdə çıxış edən cənab Prezident öz mövqeyini də, dövlətin mövqeyini də bir daha açıq şəkildə bildirmişdi: 

- Bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi istifadəyə verilir. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib. Bu gün, eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər. Prezident vurğulamışdı ki, dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir: 

- Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaq. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Mən bu rəqəmləri sadalamaqla dövlətin bu kateqoriyadan olan insanlara qayğısını bir daha dilə gətirmək istəyirəm. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək.

Dövlətin vətəndaşa qayğısı mənəvi dəyərlərə əsaslanır 

Şəhid ailələrinə, qazilərə “YAŞAT” Fondunun dəstəyi də göz önündədir. Fond tərəfindən icra olunan işlər barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatlarında bildirilir ki, mart ayının 15-20-si tarixlərində 428 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb. "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 113 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib. Bundan əlavə 182 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb. Ehtiyacların ödənməsi sistemli və planlı şəkildə aparılır. "YAŞAT" Fondunun üzvləri şəhid ailələrini, qaziləri ziyarət edir, problemləri yerində öyrənməyə çalışırlar. Fond tərəfindən 2700-dən artıq qazi ilə müxtəlif yerlərdə görüşülüb, 300-dən artıq yataq xəstəsi olan qazinin birbaşa mənzilində görüş keçirilib. "YAŞAT" Fondunun 4 fəaliyyət istiqaməti var. Yaralı əsgər və zabitlərimiz müalicəsinin təmin edilməsi, şəhid və qazi ailələrinin tibb xərclərinin ödənilməsi, şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənməsi. Fond fəaliyyətə başladığı gündən hər bir şəhid və qazi ailəsinin yanında olacağını bildirib və Azərbaycan xalqı da bunun reallaşdığını görür. Neçə qazimiz Türkiyəyə müalicəyə göndərildi. Sağalıb Vətənə geri döndülər. Eləcə də neçə-neçə şəhid ailəsinin, qazinin ehtiyacları qarşılanıb və qarşılanmaqda davam edir. Təkcə 26 aprel-2 may tarixlərində 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb, 
68 qazinin tibb xərcləri ödənilib, 5 şəhid ailəsinin və qazinin borc öhdəlikləri qarşılanıb. Fondun açıqladığı məlumatda qeyd edilir ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması üçün işlər hazırda davam etdirilir. 

Bəs vətəndaş nə etməlidir? 

Deyilənlər, yazılanlar Azərbaycan dövlətinin payına düşənlərdir. Dövlət sahib olduğu imkanlar çərçivəsində ehtiyaclı ailələrin, insanların yanında dayanır, onlara dəstək olur. Bəs biz vətəndaş olaraq nə edirik? Və ya nə edə bilərik? Bunu mütləq vurğulamalıyıq ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə, ənənələrinə hər zaman sadiq qalıb. 44 günlük Vətən müharibəsi günlərində yaşa görə aldığı təqaüdünü əsgərlərimizə yollayanlar az olmadı. Ordumuz tam təmin olunduğu halda, yenə də “onlar bizim balalarımızdır, Vətəni qoruyurlar, torpaqlarımızı azad edirlər” düşüncəsiylə əsgər və zabitlərə sovqatlar göndərən, arxa cəbhədə maddi sıxıntı çəkən əsgər ailələrinə yardım edənlər bu millətin təmsilçiləri idi. Xalq ümumi şəkildə Vətən üçün heç vaxt varını əsirgəmir. Amma söhbət geniş maddi imkanlara sahib olanlardan gedir. Bəzən efirlərdə kimlərinsə fərdi qaydada şəhid ailəsinə, yaxud yaralı əsgərə maddi yardım etdiyini, mənzil, hətta avtomobil hədiyyə etdiyini görürük. Lakin belə xeyriyyəçilik çox məhdud çərçivədə olur. Halbuki, ölkədə geniş iqtisadi imkanlara malik holdinqlər, şirkətlər, müəssisələr var ki, onlar konkret sayda şəhid ailəsi və qazini himayə altına ala bilər. Hər bir işi dövlətə yükləmək, dövlətdən ummaq da olmaz. İllərlə iqtisadi sahədə gəlir əldə etmiş şirkətlər və onların rəhbərləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar dövlətə dəstək durmalı deyilmi? 

İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda xeyriyyəçiliyin bir mərkəzdən idarə olunmasına, mərkəzləşmiş fəaliyyətə üstünlük verilir: 

- Hamımız şahid olduq ki, iri müəssisələr, holdinqlər, şirkətlər, banklar... “YAŞAT” Fonduna, həmçinin də “Qarabağ Dirçəliş Fondu”na vəsait köçürürdü. İanələr edilirdi. Proses əlbəttə davamlı olacaq. Bu onu göstərir ki, bizdə xeyriyyəçiliyin bir mərkəzdən idarə olunmasına, mərkəzləşmiş və koordinasiyalı fəaliyyətə üstünlük verilir. Bunun müsbət tərəfləri var. Lakin belə şəraitdə alternativ xeyriyyə fondlarının olması mümkün görünmür. Dünyada xeyriyyəçiliklə bağlı müxtəlif təcrübələr var. Elə ölkələr var ki, orada xeyriyyə fondlarına vəsait qoyan şirkətlərə, sahibkarlara vergi güzəştləri tətbiq edilir. Belədə daha çox şirkət, müəssisə və daha çox sahibkar  fondlara qoşulur, ianələr edirlər. Bizdə bununla bağlı problem həm də ona görə yaranır ki, Azərbaycanda rəsmi milyonçu yoxdur. Açıq desək, böyük həcmdə ianələr edən şirkətin və ya konkret şəxsin maliyyə sənədləri yoxlansa, çoxunun vergidən yayındığı, qeyri-şəffaf mühasibatlığa malik olduğu, gəlirlərin gizlədilməsi faktları üzə çıxacaq. Ona görə də hazırkı vəziyyətdə mərkəzləşmiş fəaliyyət daha yaxşıdır. Xarici ölkələrdə xeyriyyəçilərin müsbət imici formalaşır, “piar”ları qururlur. Məsələn, istehsalçı şirkətin xeyriyyə işləri ilə məşğul olmasının “piar”ı təşkil edilir, bunu öyrənən vətəndaş o şirkətin məhsulunu almağa çalışır ki, onun da bu xeyriyyə kampaniyasına bir dəstəyi olsun. Az və ya çox miqdarda dəstək, fərq etmir. Vətəndaş özünü ehtiyaclı insanlara yardım edənlər sırasında görür. Vətəndaş o şirkətin məhsulunu almaqla xeyriyyə fonduna vəsait toplanması aksiyasında iştirak edir. Bu, vətəndaş fəallığını da artırır, dövlətin yükünü də azaldır. Deyə bilmərik ki, bizdə xeyriyyəçilər yoxdur, ya da azdır. Bizdə də belə insanlar var və ehtiyaclı insanlara, o cümlədən şəhid ailələrinə, qazilərə təmənnasız yardım edirlər. Sadəcə, bu proses kampaniya şəklini ala bilmir. Daha çox fərdi qaydada həyata keçirilir.