“Oturacaq” gəlir....

Meqanın uşaqlara həsr olunan sürpriz kitabı mübahisələr yaratdı

Böyük Britaniya kral ailəsinin ən çox mübahisə doğuran üzvü Meqan Markl – şahzadə Harrinin həyat yoldaşı növbəti sürprizlə yenə gündəmə gəlib. “Hürriyet”də yer alan xəbərə görə, Meqan Markl uşaqlara həsr olunan “Oturacaq” adlı kitab qələmə alıb. Kitab iyun ayında satışa çıxarılacaq. Meqan Markl kitabın ideyasının oğlu Arçi dünyaya gəldikdən sonra həyat yoldaşı Harriyə yazdığı bir şerdən qaynaqlandığını bildirib. Kitabda ata ilə oğulun hekayəsi anladılır. 

Meqan Markl kitabı şahzadə Harrinin oğlu ilə münasibətləri və övladının tərbiyəsində atanın rolu əsasında yazıb. Kitabın maraqlı illüstrasiyaları var. İllüstrasiyalardan birində atanın oğlunu atıb-tutması təsvir olunub. “Atanın” kamuflyaj uniformada təsviri onun şahzadə Harrini əks etdirdiyinə heç bir şübhə yeri qoymur. Kitabla bağlı mübahisəyə səbəb olan bir başqa məqam da üzlükdə müəllifin adının  “Meqan Markl”, yaxud həyat yoldaşının soyadı ilə “Meqan Moutnbatten Vindsor” deyil də “Sasseks Düşes Meqan” (Meqan Markl şahzadə Harri ilə evləndikdə Sasseks hersoginyası tituluna sahib olub – red. ) kimi yazılmasıdır. Bəziləri müəllifin adının məhz bu cür yazılmasını satış strategiyası kimi dəyərləndirir, bəzilıri isə Meqanın evlilik nəticəsində əldə etdiyi soyaddan bu şəkildə istifadə etməsinin doğru olmadığını bildirir.

M.Markl deyib ki, hər bir ailə “Oturacaq”da özünə oxşar nəsə tapa bilər. Kitab həmçinin audio-formatda da nəşr ediləcək, səsləndirməni də Meqan özü edəcək.

Xatırladaq ki, M.Markl şahzadə Harri ilə evlənməmişdən əvvəl aktrisalıq edib, bir neçə filmə çəkilib. M.Markl və şahzadə Harri 2020-ci ildə Kral ailəsindən ayrıldıqlarını rəsmən elan etmişdilər. Bununla da Kral ailəsi barədə dedi-qodular başlamışdı.

Lakin hersoq və hersoginya yayılan söz-söhbətlərə əhəmiyyət verməyərək Böyük Britaniyanı tərk edib ABŞ-a köçdülər və hazırda Los-Ancelesdə yaşayırlar. Kral ailəsi şahzadənin Meqanla evlənməsinə razı olmamışdı. Meqan evlənib boşanmış qadın idi, üstəlik də aktrisa. Lakin şahzadə bir müsahibəsində  “mən onda anam Diananın xüsusiyyətlərini görürəm”, demişdi. Meqan Markl şahzadəni təsirləndirə bilmişdi.

Nəticədə onlar, kral ailəsinin, kraliçanın etirazlarına baxmayaraq evləndilər. Yayılan xəbərlərdə Meqanın ikinci dəfə ana olmağa hazırlaşdığı da deyilir.