Araşdırılıb! “Rəşad Atakişiyev böyük şücaət göstərib” - "Qara qutu"oxunub

Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin verdiyi arayışlarla təsdiq olunur.

 Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bu barədə “Sherg.az”a danışdı:
“Valideynləri kimi biz də belə bir addımı gözləyirdik. Dövlətimiz döyüş şəraitinə yaxınlaşdırılan təlimlər zamanı baş verən qəzanı təfsilatı ilə araşdırdı. Və məlum oldu ki, Rəşad Atakişiyev böyük şücaət göstərib. Prokurorluq orqanları qəza, o cümlədən "Qara qutu"nun oxunması ilə bağlı araşdırma aparıb. Bunlar dövət sirridir. Ona görə də ətraflı danışa bilmərəm.Beləliklə, polkovnik- leytenanta şəhid statusu verildi. Buna görə şəxsən öz adımdan və ailəmiz adından ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.