Hər kəs dərk edir!- “Qarabağın bütün ərazilərində ordumuz keşik çəkəcək”

“Sərhədlər qüvvələrimiz tərəfindən qorunacaq”

Ermənilər Laçın dəhlizi vasitəsilə Xankəndini boşaldırlar. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda ermənilərə məxsus hərbi avtomobillərin və zirehli texnikanın Laçın dəhlizi vasitəsilə Xankəndini tərk edərək Ermənistana keçməsi əks olunub. Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

Baş verənlərin reallığı əks etdirib-etdirilməməsinə dair “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid  Oruc bildirib ki, 10 noyabr razılaşmasının ən mühüm müddəalarından biri erməni hərbi qüvvələrinin Qarabağdan çıxarılması idi:

“Rusiya prezidenti Vladimir Putinin “Azərbaycan və Ermənistan üçtərəfli sənədin hərfi sözü uğrunda müharibə aparırdı” sözləri həqiqətdir. Azərbaycan diplomatiyası məsuliyyətli günlərdə düzgün ifadə seçdi.

Ermənilərin Laçın dəhlizi ilə Xankəndidən çıxarılması son günlər çox qabardılır. Bu, ölkəmizin bağlı qapılar arxasında gedən danışıqlar zamanı diplomatik savaşda uğurunu göstərən hadisə kimi qeyd olunur. Lakin prosesə bir neçə fazadan baxmalıyıq. İlk növbədə, Ermənistanda artan qəbir yerlərinin olması ilə övladını itirən valideynlər Ermənistan siyasi hakimiyyəti və hərbi elitasını “süngüyə taxır”. Bundan sonra Ermənistandan Qarabağa hərbçilərin gətirilməsi prosesi öz-özlüyündə cəmiyyətin müqaviməti ilə üz-üzə qalıb.

İkincisi, məhz terrorçu kimi Azərbaycan hakimiyyətinə təslim olan erməni qüvvələri sanki öz cəmiyyətlərində bir mesaj verdi. Yəni, sizi də bu tale gözləyir.

Üçüncüsü, Paşinyan bilsə ki, sabah erməni xalqı onu qətlə yetirməyəcək, sabah bütün  silahlı qüvvələri rəsmi əmrlə bölgədən çıxarar. Amma bunu edə bilmir. Çünki müəyyən siyasi bazarlaşmaya getməlidir. Ona görə də bu addımı atmır. Lakin hər kəs dərk edir ki, Qarabağın bütün ərazilərində Azərbaycan ordusu keşik çəkəcək, sərhədlər qüvvələrimiz tərəfindən qorunacaq”.

Z.Oruc vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələri tərəfindən Qarabağa geri qaytarılan mülki ermənilərin 50 mindən çox olduğu bəyan edilsə də, ermənilər geri qayıdırlar:

“Faktiki olaraq 1990-cı illərdə ermənilə müxtəlif vasitələrdə uğur əldə etdikləri savaşdan sonra Qarabağda mövcud olublar. Bəs,məğlubiyyətdən sonra necə qalacaqlar? BMT düzgün şəkildə elan etdi ki, bölgədə cəmi 25 min erməni qalır. Hərbçilər boş məkanı, xüsusilə də dağıdılmış ərazini orada mülki insanlar yaşamasa, qorumayacaq. Ermənistan prezidenti Armen Sarkisyan bunu müəyyən sətiraltı mesajlarla deyir. O, bildirir ki, Qarabağda ermənilərin sayının azlığı onların həyatına, gələcəyinə, iqtisadi durumuna, siyasətinə və geopolitikasına zərbə vurur. Lakin Qarabağda bir erməni belə yaşayacaqsa, o, Azərbaycanın Konstitutsiyasını tanıyan, qanunlarımıza tabe olan, ölkəmizə və əhalimizə ziyan vurmadan fəaliyyət göstərən şəxs olmalıdır. Bunun əksi ola bilməz. Araik Arutyunyan və onun çevrəsi bunu yaxşı dərk edir. A.Arutunyan 2020-cin ilin oktyabrında qalib pozası verir və çevrəsini mukafatlandırırdı. Nəticə isə bütün dünyaya bəllidir. Ona görə də Qarabağda Azərbaycan əsgərinin silahı və iradəsi altında təhlükəsizlik və əmin-amanlıq qoruna bilər. Fransa yox, Avstraliya hərbi qüvvələrini dəvət etsələr belə, bunun əksi  mümkün deyil. Bölgədə situasiya Azərbaycanın xeyrinə dəyişib, hərbi qələbəmizi bütün ərazilərimizdə bərqərar etmişik”.