Benzin və dizelin ömrü bitir


"Avtomobil sənayesində  texnoloji inqilab baş verir"

"Bütün şirkətlər istehsallarını elektrik və hibrid avtomobillərinə keçidlə bağlı proqramlar açıqladılar"

Dünya avtomobil şirkətləri 2021-ci ilin ilk yarısında avtomobil istehsalını 2 milyon azaldacaq. Bu barədə "Oxford Economics" konsaltinq şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, bu azalma 2020-ci ilin sonunda yaranmış yarımkeçirici qurğuların qıtlığı ilə əlaqədardır. Bundan başqa, pandemiya dövründə və ötən ilin yaz-yay aylarında bir çox ölkədə sərt qapanmalar müddətində bəzi ölkələrdə avtomobil zavodları işlərini dayandırıb, şirkətlər isə yarımkeçiricilər üçün sifarişləri azaldıb: "Mikrosxemlərin istehsal müddəti 6 aya çatır. Ona görə də dünya avtomobil sənayesi istehsal prosesini bərpa etdikdən sonra mikrosxem qıtlığı yaşanmağa başladı. Bu da öz növbəsində istehsalın azalmasına gətirib çıxaracaq".

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, dünyada avtomobil şirkətlərində istehsalın azalmasının əsas səbəbi avtomobillərdə istifadə olunan müxtəlif çiplərin istehsalında yaranmış problemlərdir. İqtisadçı qeyd edib ki, bu, çiplərin istehsalında yaranmış problemlər əsasən, təchizat zəncirlərinin pandemiya dövründə kifayət qədər zədə almasından, bəzi yerlərdə istehsalın dayandırılmasından asılı olub:
"Bu çiplərin istehsalı azaldığı üçün bəzi avtomobil şirkətləri öz istehsallarını azaldacağı ilə bağlı öncədən elan veriblər. Düzdür, rəqəmsal olaraq 2 milyon böyük görünsə də, amma ümumilikdə, dünyada istehsal olunan avtomobil sayına nisbətən çox da böyük bir rəqəm deyil. Ümid var ki, bu ilin sonuna dünyada bu tədarük zəncirləri bərpa olunacaq. Həmçinin yenidən istehsalda yaranmış problemlərin qarşısını almaq üçün kifayət qədər ciddi işlərin görünməsi gözlənilir. Yəni ən azından ilin sonuna, təqribən oktyabr, noyabr aylarına çip istehsalının yenidən güclənməsi gözlənilir. Bu zaman avtomobil sənayesində yenidən istehsalın tam həcmində bərpa olunması mümkündür". 

N.Cəfərli qeyd edib ki, avtomobil sənayesində  texnoloji inqilab baş verir:

"Bütün şirkətlər istehsallarını elektrik və hibrid avtomobillərinə keçidlə bağlı proqramlar açıqladılar. Bu proqramlarda daxili yanma mühərrikində istifadənin azaldılması da nəzərdə tutulur. Yəni benzinin, əsasən də dizel ilə işləyən avtomobillərin azaldılması nəzərdə tutulur. Çünki dizel ümumiyyətlə, ekologiyaya ən çox ziyan vuran daxili yanacaq mühərriki növüdür. Ona görə də bir çox şirkətlər istehsalını yenidən qurmalıdır. Artıq daxili yanma mühərrikindən istifadənin azaldılması və elektrik avtomobillərinə keçidin sürətlənməsi gözlənilir. Sayın azalması bu istehsal sahələrində yenidən qurma işləri ilə də əlaqədardır. Bunun avtomobil bazarında qiymətlərin bahalaşmasına səbəb olacağını düşünmürəm. Çünki dünyada pandemiya ilə əlaqəli alıcılıq qabiliyyəti də aşağı düşüb. Dünya əhalisi kasıblayıb, hətta rəsmi rəqəmlər də bunu sübut edir. Ona görə də inanmıram ki, bu, kəskin qiymət artımına səbəb olsun".