"Erməniyə güllə atan hər bir əsgərimiz qəhrəmandır"

 “Filankəs 300 erməni, bəhmənkəs 500 erməni öldürüb” tipli həqiqətə uyğun olmayan yanaşmadan xilas olmaq lazımdır"

Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanları və Azərbaycanın Milli qəhrəmanları ilə bağlı verilişlər hazırlanacaq, maarifləndirici layihə və proqramlar həyata keçiriləcək. Bu, “Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə dövlət rəmzləri, ölkə və dünya tarixi, mədəniyyəti, tarixi şəxsiyyətlər, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanları və Azərbaycanın Milli qəhrəmanları haqqında elmi-populyar verilişlər hazırlayacaq və maarifləndirici layihə və proqramlar həyata keçirəcəklər.

Mövzuya münasibət bildirən "Yenisabah.az" saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə "Şərq"ə açıqlamasında vurğulayıb ki, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın hər birinə vəfa borcumuz var. O qeyd edib ki, onların adlarını əbədiləşdirmək, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bir nömrəli vəzifəmiz olmalıdır:

"Sözsüz ki, bu məsələdə yaradıcı insanların üzərinə daha çox məsuliyyət düşür. Təəssüflə qeyd etmək istəyirəm ki, Birinci Qarabağ müharibəsi uzun illər əvvəl başa çatsa da, tariximizin bu dövrünü lazımi şəkildə öyrənib təbliğ edə bilməmişik. Siz də razılaşarsınız ki, biz Birinci Qarabağ Müharibəsiylə bağlı “Tütək səsi”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək” kimi ölməz ekran əsəri yarada bilməmişik. Heç ortada “Ana və poçtalyon” şeirinə çatan yaradıcılıq nümunəsi də yoxdur. Bəstəkarlarımız da İkinci Dünya müharibəsi dövründə yaşayan öz sələfləri qədər təsirli mahnılar yarada bilməyiblər. Ola bilsin ki, bu məsələdə o vaxt müharibədən məğlub ayrılmağımızın da təsiri olub. Amma indi vəziyyət fərqlidir. Biz qalibik. Qalib əsgəri ona yaraşan tərzdə təbliğ və təbrik etməliyik".

S.Verdizadə diqqətə çatdırıb ki, televiziyalar, KİV-lər Vətən müharibəsi qəhrəmanlarını təbliğ etməli, onların adlarını əbədiləşdirməlidirlər:

"Amma bu zaman pafosdan uzaq olmaq, faktları olduğu kimi təqdim etmək lazımdır. Birinci Qarabağ müharibəsiylə bağlı çəkilən filmlərdə, yazılan kitablarda, məqalələrdə biz bu mənfi tendensiyanı müşahidə etmişik. Erməniyə güllə atan hər bir Azərbaycan əsgəri qəhrəmandır. “Filankəs 300 erməni, bəhmənkəs 500 erməni öldürüb” tipli həqiqətə uyğun olmayan yanaşmadan xilas olmaq lazımdır. 44 günlük Vətən Müharibəsi çox yaxın tarixdə baş verib. Faktları gələcək nəsillərə təhrif etmədən çatdırmaq lazımdır. Sonda bir məqamı da qeyd etmək istəyirəm: biz qalib xalqıq. Bu qələbənin memarı olan şəhidlərimiz ən uca zirvəyə yüksəliblər. Hadisələrə həmin zirvədən baxmaq lazımdır. Mərsiyə janrında əsər yazmağa ehtiyac yoxdur".