Deputatdan sərt təpki:"Bəzi rayonlarda şəhid qəbirlərinə diqqət edilmir"

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formalarına dəyişiklik edilir.
Bu, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq. Eyni zamanda, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək. 

Milli Məclisin deputatı Elman Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, o, bu dəyişikliyi müsbət qiymətləndirir:

"Hesab edirəm ki, insan üçün Şəhidlik zirvəsindən yüksək və müqəddəs zirvə yoxdur. Şəhid adı müqəddəsdir, yüksəkdir, əzizdir! Əgər bir insan vətəni və torpağı uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlibsə, o zaman fikrimcə, biz onların arasında heç bir fərq qoymamalıyıq. Hər bir şəhidimizə orden və medal verilib və verilməməyindən asılı olmayaraq, onlara xüsusi qayğı göstərilməlidir. Yəni onlar arasında ayrı-seçkilik etmək olmaz! Hesab edirəm ki, əgər hansısa bir şəhidimiz medal və ordenlə təltif olunmayıbsa, onların da adına küçə, məktəb verilməlidir. Təltif olunmayanlara  isə heç nə verməmək düzgün yanaşma deyil. Ümumiyyətlə, bu, kökündən səhv  və yanlış yanaşmadır. Biz həmişə bu fikirlə yaşamışıq və yaşamalıyıq da: "Şəhidlik ən yüksək zirvədir!". Qətiyyən şəhidlər arasında fərq qoymaq olmaz. Ona görə də bu məsələlərdə heç kimə qarşı diqqətsizlik, qayğısızlıq, hörmətsizlik  etmək olmaz. Onların hər biri ən böyük hörmətə və diqqətə layiqdir. Hesab edirəm ki, şəhidlərimizin hər birinin adı əbədiləşdirilməlidir. Onların adlarına küçələr salınmalı, məktəblərə qoyulmalı və büstlər ucaldılmalıdır".
Deputat əlavə edib ki, hətta bəzən özü də xoşagəlməz hallarla qarşılaşır: "Bəzi vaxtlar özüm də heç də xoş olmayan anlarla qarşılaşıram. Bildiyimiz kimi, Azərbaycanın müxtəlif bölgələrində Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları var. Siz inanırsınız ki, bir neçə rayon adı çəkə bilərəm, şəxsən özüm şahid olmuşam ki, orada şəhid qəbirlərinə diqqət edilmir. Həmin rayonun icra başçıları ilə şəxsən üzbəüz söhbət eləmişəm. Hətta telefon danışığımız da olub ki, axı bu, şəhid qəbirləridir. Niyə baxımsızdır bunlar? Onların yanaşması çox qəribədir və təəccüb doğurandır. Onlar deyirlər ki, bunlar Birinci Qarabağ müharibəsinin şəhidləridir. Yəni o vaxtdan qalma qəbirlərdir. Mənim əzizim, şəhidin köhnəsi və təzəsi yoxdur. Belə yanaşma düzgün deyil.  O şəhiddirsə, onların adına layiqli və ləyaqətli məzarlar qoyulmalı, hər zaman bu məzarlar baxımlı olmalıdırlar. Birinci Qarabağ müharibəsində şəhid olanlara da qayğı lazımdır. Onlar daim anılmalıdırlar. Onlar 5 il, yoxsa 10 il bundan qabaq şəhid olub, yaxud da ki, dünən şəhid olub, bunun heç bir dəxli yoxdur. Şəhidlərimiz bizim üçün əzizdir. Bu insan canını fəda edib şəhid olubdur. Bundan yüksək nə etməli idi ki? Ona görə də onların hər birinin adının əbədiləşdirilməsi zəruridir".