"Diplomatiyada da əlbəyaxa döyüşə hazır olmalıyıq"

 “Lavrovun Ermənistan səfəri Moskvanın daha çox 44 günlük Vətən müharibəsinin nəticələrini İrəvan üçün yumşaltmaq, ermənilər üçün manevr imkanları yaratmaqda israrlı olduğunu nümayiş etdirdi”.
Bu sözləri “Şərq”ə siyasi şərhçi Zaur İbrahimli deyib. Analitik bildirib ki, bunun müqabilində Moskva Ermənistanda zədə almış reputasiyasını, daxili siyasətdə həlledici təsirini bərpa etməyə, hərbi iştirakının əsaslarını gücləndirməyə çalışır:

“Moskva üçün son iki amil çox mühümdür. Ermənistanda Saakaşvili Gürcüstanının siyasətinin bu və ya digər formada təkrarlanması Rusiya üçün real təhlükədir. Hələ də bunun üçün imkanlar var. Ruslar tədricən bu imkanları azaltmağa, ABŞ-ın təsirini zəiflətməyə çalışırlar. Bu məqsədlə müxtəlif alətlərdən istifadə edirlər, ən başlıcası isə Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr sazişinin müddəalarının şərhi və yozumudur. Moskva ermənilər üçün öz maraqlarını irəli sürməkdə imkanlar yaradır, yaxud ikibaşlı şərhləri ilə ermənilərdə sazişin ziddinə tələblər səsləndirməkdə motivasiya yaradır. Hazırda əsas taktiki vəzifə 20 iyun parlament seçkilərində ən azı parlamentdə hökumət qərarlarına legitim təsir edəcək Rusiya fraksiyasının yaranmasına nail olmaqdır. Gürcüstanda da belə başladılar və sonda bacardılar”. 

Ekspertin sözlərinə görə, ruslar eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsinin nəticələrinindən bəhrələnmək və bölgədəki vəziyyəti buna uyğun dizayn etmək imkanlarını məhdudlaşdırmağa çalışırlar:

“Məhz buna görə Minsk qrupunu yenidən aktivləşdirməyə maraq göstərirlər. 10 noyabr sazişinin tam şəkildə həyata keçirilməsinə mane olurlar, kommunikasiyaların açılmasında əlavə şərtlər irəli sürürlər, bunun ətrafında sövdələşmə açmağa niyyətlidirlər. Görünən budur ki, Azərbaycan yaxın perspektivdə rusların bu mövqeyi ilə üz-üzə qalmalı olacaq. Bakı Türkiyə ilə birgə hərəkət etməklə Moskvanın müəyyən çərçivədə qalmasına nail ola bilir. İndiki məqamda bu özü də az nailiyyət deyil. Daha irəli getmək üçün geniş ittifaqlara ehtiyac olacaq. Rəsmi Bakı Türkiyə ilə birlikdə qətiyyətini qorumaqla, kommunikasiyaları açmaqla yeni ittifaqlar üçün imkanlar əldə edə bilər. Ermənistanda seçkilərin nəticələrindən asılı olaraq Moskvanın təsirini azaltmaq üçün yeni fürsətlərin yaranması mümkündür”. 

Z.İbrahimli hesab edir ki, yaxın perspektivdə Qarabağ bölgəsində yaşayan ermənilər üçün nə təklif edəcəyimiz əhəmiyyətlidir:

“Şübhəsiz ki, qırmızı çizgimiz suverenliyimiz, ərazi bütövlüyümüzdür. Bu iki təməl şərti gözləməklə müxtəlif dinc birgəyaşayış modelləri nəzərdən keçirilməlidir. Bu məsələdə təşəbbüskar olmalıyıq və suverenliyimiz, ərazi bütövlüyümüzün qəbul edilməsi şərti ilə öz strateji yanaşmamızı, təkliflərimizi masaya qoymalıyıq. Biz etməsək, başqaları təşəbbüsü ələ alacaq. Necə ki, Şuşanı əlbəyaxa döyüşdə aldıq, diplomatiyada da buna bənzər əlbəyaxa döyüşə hazır olmalıyıq. Əsas üstünlüyümüz qətiyyətimiz, döyüş ruhumuz, haqlı tərəf olmağımız, ittifaqlarımızdır. Təcrübə də göstərdi ki, kənar güclərin iş bərkə düşəndə “İsgəndər”i köməyə çağırması da istənilən nəticəni vermir”.