Bakıda Lavrovdan hesab sorulmalıdır

"Rusiyanın Xankəndidə nazirliklərinin yerli şöbələrini təsis etməsi Azərbaycanla razılaşdırılmayıb"

“Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri zamanı ondan Xankəndidə Rusiya Xarici İşlər Nazirliyinin yerli bürosunun fəaliyyəti ilə bağlı sual verilməli və bağlanılması tələb edilməldir”. Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 
Siyasi şərhçi deyib ki, Rusiyanın bir neçə nazirliyinin şöbələri Xankəndidə fəaliyyət göstərir:

“Rusiyanın Xankəndidə nazirliklərinin yerli şöbələrini təsis etməsi Azərbaycanla razılaşdırılmayıb. Bu, Moskvanın özbaşınalığıdır. Belə qanunsuz şöbələrin ləğv edilməsi rəsmi Bakının gündəmində olmalıdır. Bundan əlavə, Rusiya sülhməramlı qüvvələri 9 mayda Xankəndidə hərbi keçid edəcəklərsə, bununla həqiqi sülhməramlı olmadıqlarını nümayiş etdirəcəklər. Bu cür davranışlar rus hərbçilərinin təcavüzkar qüvvələr olduğu anlamına gəlir. Anlamaq lazımdır ki, Moskvanın həmlələri qarşısında geri çəkilmək qətiyyən olmaz, əgər biz müdafiədə dayansaq, daha çox üstümüzə gələcəklər. Hücum diplomatiyamızı hər an gündəmdə saxlamalıyıq”.