Lavrovun açıqlamasında müəmmalı məqamlar çoxdur

Belə çıxır ki, Rusiya sülhməramlıları ermənilərdən minalanmış ərazilərin xəritələrini alıblar


“Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistana səfəri balansa hesablanıb”. Bunu “Şərq TV”də çıxışı zamanı politoloq Turab Rzayev deyib. Siyasi şərhçi bildirib ki, Lavrov Yerevana səfəri zamanı bir neçə məsələni qabartdı. Onun sözlərinə görə, Rusiya baş diplomatının gündəmə gətirdiyi məsələlər rəsmi Bakı üçün qaranlıqdı:

“Lavrov dedi ki, Qarabağda hazırda minalardan təmizlənmə prosesi həyata keçirilir. Həm də bəyan etdi ki, “mədəni irsin, mirasın qorunması” Moskva üçün önəmlidir və s. Bunlar bizim üçün müəmmalı məqamlardır. Belə çıxır ki, Rusiya sülhməramlıları ermənilərdən minalanmış ərazilərin xəritələrini alıblar. Ruslar da ancaq nəzarət etdikləri bölgənin təmizliyi ilə məşğul olurlar. Ancaq Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ermənilər məlum xəritələri bizə təhvil vermədikləri üçün bölgənin minalardan təmizlənməsi işi yubanır. Düzdür, bu proses davam edir, amma çox kiçik ərazinin təmizlənməsindən söhbət gedir. Halbuki, 10 min kvadrat kilometr ərazinin təhlükəsizliyi təmin olunmalıdır”. 

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan tərəfi işğaldan azad etdiyi bütün ərazilərdə təmir-quruculuq işləri aparır:

“Məscidlərlə yanaşı, xristian dininə mənsub abidələr də bərpa olunur. Bu yaxınlarda Şuşada Qazançı kilsəsinin təmirini əks etdirən görüntülər yayıldı. Yəni Azərbaycan tərəfi fərq qoymadan öz ərazilərini yenidən dirçəldir. Lavrov isə “mədəni irsi qoruyacağıq” dedikdə çox güman ki, ermənilərə “məxsus” olduqlarını düşündükləri maddi irsi nəzərdə tutur. Məsələ ondadır ki, Qarabağın mədəni irsindən söz açılarkən ilk növbədə “erməni irsi”ndən bəhs edilir. Halbuki, bu gün “erməni kilsəsi”, “erməni monastrı” deyilən abidələrin hamısı tarixi Azərbaycan məbədləridir. Onların sahibləri bizik. Əfsuslar olsun ki, Rusiya və Fransa başda olmaqla digər Qərb ölkələri işğaldan azad edilmiş ərazilərimizdəki dağıdılmış, təhqir edilmiş məscidlərdən danışmırlar.

Necə ki, qondarma “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı istifadə olunur, eləcə də “mədəni irs” mövzusundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanmaq istəyirlər”.