750 cəsəd yük maşınlarında saxlanılır 

Bu cənazələrin məhz koronavirusdan həyatını itirənlərə aid olduğu şübhəsizdir

Nyu-Yorkda 750 cəsədin hələ də yük maşınlarının içində saxlandığı məlum olub. “Milliyet” yazır ki, Nyu-Yorkun Bruklin səmtində koronavirusdan ölənlər üçün hələ ötən il gətirilmiş soyuducu kameralı yük avtomobillərində 750-yə yaxın  cəsəd saxlanılır.   “The City” adlı bir təşkilatın internet səhifəsində Bruklin 39  ünvanında  müvəqqəti morq kimi istifadə edilən yük maşınlarında bölgədəki məzarlığa dəfn ediləcəyi gözlənilən cənazələrin olduğu məlumatı yer alıb. Bu cənazələrin məhz koronavirusdan həyatını itirənlərə aid olduğu şübhəsizdir.

Təşkilat tərəfindən 13 ay aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, 2020-ci ilin aprelindən bu günədək soyuduculu yük maşınlarında 500-800 arası cəsəd saxlanılır. Onların nə zaman dəfn ediləcəyi də bilinmir. Baş Tibbi Müayinə Ofisinin komissar yardımçısı Dina Maniotis isə Nyu-York Şəhər Məclisi toplantısında deyib ki, şəhər idarəsi yaxın gələcəkdə bu cəsədlərin sayını azaltmağa çalışacaq və ailələrə təhvil verilməsi haqqında məlumat açıqlayacaq. D.Maniotis bildirib ki, bu cəsədlər yaxınlarının maddi imkansızlıq səbəbiylə sahib çıxmadığı ölmüş insanlara aiddir.  Cəsədlər Nyu-Yorkun Hart İsland adasında dəfn ediləcək. 2020-ci ildə koronvirusdan vəfat etmiş hər 10 nyu-yorkludan 1-i bu adada dəfn edilib. Bu ada kimsəsizlərin və maddi imkansız adamların dəfn edildiyi məkana çevrilib.