Sarkisyanın Moskva səfəri:“Seçkiöncəsi manevrlər edir” 

“Ancaq Sarkisyanın özünün fərqli fəaliyyət proqramı var. Bu da onunla bağlıdır ki, o, öz oyununu oynayır”

“Sarkisyan Moskvanı əldən verməyəcək. Onun üçün Rusiyada yaşayan  erməni iş adamlarını inandırmaq çox vacibdir”


Ermənistan prezidenti Armen Sarkisyan Moskvaya səfər edəcək. Bu barədəErmənistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Armen Sarkisyan mayın 8-də Moskvaya gedəcək. Onun səfərinin istirahət məqsədi daşıdığı qeyd olunub. Mayın 10-da isə A. Sarkisyanın Moskvada bir sıra görşülər keçirməsi planlaşdırlır.
Səfərin əsas məqsədini “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, A.Sarkisyan seçki öncəsi Rusiyada yaşayan erməni iş adamlarını öz ətrafına yığmaq üçün səfər edir:

“Səfərin digər səbəbi 9 may paradı ilə bağlıdır. Çünki Ermənistan rəhbərləri indi Moskvadan bərk-bərk yapışıblar. Çalışırlar Moskvaya təzim etsinlər ki, guya müttəfiqlik öhdəliklərindən dönmür, Rusiyanı özləri üçün qibləgah kimi görürlər. Ancaq Sarkisyanın özünün fərqli fəaliyyət proqramı var. Bu da onunla bağlıdır ki, o, öz oyununu oynayır. Sarkisyan və Nikol Paşinyan ikilisi formal birləşmədir. Çünki onlar müxtəlif qütblərə aid adamlardır, hərəsinin də öz hədəfi var. Bu baxımdan Sarkisyan mütləq şəkildə ermənilərin Rusiya Konqresi ilə görüşlərini davam etdirəcək. O, keçən dəfə Rusiyada yaşayan erməni iş adamları ilə görüşmüşdü”.

T.Abbasovun sözlərinə görə, səfər zamanı Ermənistanın maliyyə məsələləri də müzakirə olunacaq:

“Çünki ölkənin vəziyyəti bərbaddır, ermənilərin iqtisadi durumu çətindir. Bu baxımdan Sarkisyan Moskvanı əldən verməyəcək. Onun üçün Rusiyada yaşayan  erməni iş adamlarını inandırmaq çox vacibdir. O, bildirmək istəyir ki, vəziyyət yaxın zamanlarda normallaşacaq. Buna görə də həmin iş adamları öz investisiyalarını əsirgəməsinlər.

Rusiyada olan erməni diasporu da çox böyük və imkanlıdır.

Belə qüvvənin dostlar cərgəsində olması A.Sarkisyan üçün vacibdir. Bir qayda olaraq xaricdə yaşayan ermənilərin hamısı Paşinyana düşmən kimi baxırlar. Düşünürlər ki, Paşinyan ermənilərin maraqlarını əldən verdi, müharibədə məğlub oldu və.s Lakin bu fikirlərin hər biri boğazdan yuxarı deyilən sözlərdir. Çünki Ermənistan dövlətinin müstəqillik qazandıqdan sonra 30 il ərzində həyata keçirdiyi siyasət uğursuz idi.  Bu baxımdan Sarkisyan düşünür ki, sabah Paşinyan Moskvaya səfər etsə, həmin varlı erməniləri ətrafına yığa bilməyəcək. Ona görə də bu məqamdan istifadə edib özünü göstərir və bildirir ki, “Paşinyan düşməndirsə, mən sizin üçün həmkar, qardaş və ictimai fikrin lideriyəm. Mənə bağlansanız, sizin üçün daha əlverişli və yaxşı olar”. Hər halda seçki öncəsi Ermənistan rəhbərləri manevrlərə qapılıblar və çalışırlar ki, öz güclərindən maksimum istifadə etsinlər. Sarkisyan da öz oyununu oynayan adam kimi istəyir ki, tərəfdarlarının sayını artırsın. Məhz səfərin də əsas məqsədi budur”.