Paradan heç kim vaz keçməz: Zənginlərin boşanması...

Vəkillər saatda 250 dollar qazanır

"Forbes"in milyarderlər siyahısına görə, dünyanın dördüncü varlı insanı olan Bill Qeyts və onun həyat yoldaşı olan Melinda Qeytsin bu həftənin əvvəlində boşanma qərarı verməsi dünya gündəminə bomba kimi düşdü. Dünya mətbuatında ötən həftələrdə tərəflər arasında bəzi səhm köçürmələri ilə bağlı xəbərlər yayılmaqdadır.


"Forbes"ə görə, Bill Qeytsin 131 milyard dollar civarında sərvəti var. Cütlüyün yaşadığı Vaşinqton əyalətinin qanunlarına görə, evlənərkən əldə edilən əmlak bərabər şəkildə bölünə bilər. Güman ki, belə olmayacaq. Amma yenə də Qeytsin ayrılması tarixin ən bahalı boşanması ola bilər. "Fox Business" isə bu boşanma əsnasında ən bahalı milyarder boşanmaların siyahısını açıqlayıb. Siyahının başında təxminən iki il əvvəl 2019-cu ilin iyul ayında boşanan Amazon Ceosu Jeff Bezos və 25 illik həyat yoldaşı MacKenzie Scott dayanır. Onlar boşanarkən öz aralarında 38 milyard dollarlıq bir müqavilə imzalayıblar. Demək olar ki, o zamanlar onlar da Bill Qeyts kimi ən çox danışılan cütlüklərdən biri olub. Amma bundan başqa Elon Maskın da boşanması tarixin ən bahalı boşanması kimi yadda qalıb. O, birinci həyat yoldaşı Castin Maskdan bir dəfə və ikinci həyat yoldaşı Talulah Rileydən iki dəfə boşanıb. Boşanma zamanı Mask kifayət qədər sərvətini itirmək məcburiyyətində qalıb.



Hətta ABŞ-ın qabaqcıl yayımçılarından olan "İnsider" də Bill Qeyts kimi varlı şəxslərin boşanması və sərvətlərinin necə bölünməsi ilə bağlı geniş araşdırma aparıb. Araşdırmada ölkənin məşhur boşanma vəkilləri ilə müzakirələr aparılıb. Onlar "Zənginlər niyə boşanır?", "Milyarderlərin boşanmalarında hansı fərqlər var?" ,"Həqiqətən zənginlik evliliyin uzun sürəcəyini göstərir" kimi suallara cavab axtarıblar. Mütəxəssislərə görə, bu təfsirdə bəzi həqiqətlər olsa da, zənginlik nikahı tam olaraq qorumur. ABŞ-da bir araşdırma göstərdi ki, ildə 50 min dollar qazanan cütlüklərin boşanma ehtimalı 25 min dollardan az olanlara nisbətən yüzdə 30 faiz daha azdır. 10 min və ya daha çox dollar olan cütlüklərin də ilk üç ildə boşanma ehtimalı pulu olmayanlara nisbətən daha azdır. Hüquqşünaslara görə, varlı olmaq və böyük bir evə sahib olmaq isə uzun müddət evli qalmaq üçün böyük bir üstünlükdür. Vəkillər qeyd edib ki, varlı cütlüklər pis biznes və iqtisadi pozuntular zamanı daha çox boşanmağa meyillidirlər. Vəkil Merlin Şinitzin sözlərinə görə, pis iqtisadiyyatda boşanmağı düşünən bəzi normal gəliri olan cütlüklər varlıqlarının dəyəri artana qədər gözləməyə və sonra boşanmağa üstünlük verirlər. Super zənginlər üçün isə bu, tam əksinədir. Varlılar dəyərləri az olduqda boşanmağı üstün tuturlar. Çünki boşanma bu insanların yaşam tərzi üçün demək olar ki, heç bir fərq yaratmır. Yəni bölünən varlıqlar o qədər böyük olur ki, onlar hətta ikiyə bölünsələr də, tərəflər eyni rahat həyatı davam etdirə bilirlər. Qeyd olunub ki, zənginlərin boşanmasında gizliliyin qorunması çox vacibdir. Məhz buna görə də ən çox səy bu sahəyə sərf olunur. Pis vəziyyətlərdən, qalmaqallardan çəkinmək istəyən tərəflər məsələni mümkün qədər sakitcə həll etməyə çalışırlar.

Vəkil Rikard Adaqo cütlüklərin işlərini açmadan və boşanmaları ictimaiyyətə açıqlamadan əvvəl varlıqlarının əhəmiyyətli bir hissəsini böldüklərini söyləyib. Bəs bu proses necə işləyir? Normalda müştərilər boşanma işlərində tək bir vəkillə məşğul olurlar, milyarderlərə gəldikdə isə bu prosesdə 3-5 nəfərlik qruplar iştirak edir. Tərəflərin vəkil qruplarında, boşanma vəkili, korporativ hüquq, vergi hüququ və daşınmaz əmlak hüququ kimi sahələrdə mütəxəssislər iştirak edir. ABŞ-da aparılan bir araşdırmaya görə, boşanma vəkilləri saatda ortalama 250 dollar qazanır. Məhkəmədə isə ortalama 13 min dollar qazanır. Ancaq varlıların mühakimə olunmasına gəldikdə, bu rəqəmlər asanlıqla iki dəfəyədək arta bilər. Xüsusilə tərəflər arasında münasibətlərin kəskinləşdiyi hallarda isə gəlirlər daha çox olur.