Qarabağda taxıl bol olacaq, büdcəmiz qazanacaq


"Ermənistan büdcəsinin 40 faizi Qarabağ zonasından gələn gəlirlər hesabına formalaşmışdır"

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük kənd təsərrüfatı potensialı var. Qarabağ xüsusilə taxılçılıq və üzümçülük üçün münbit torpaqlardır".

Bu sözləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. İqtisadçı qeyd edib ki, mənfur qonşularımız əsasən, kənd təsərrüfatı məhsullarını Qarabağdan və ətraf rayonlardan əkilib becərən məhsullardan əldə edirdilər:

"Qeyd edim ki, Ermənistan büdcəsinin 40 faizi Qarabağ zonasından gələn gəlirlər hesabına formalaşmışdır. İndi isə ərazilərimizi azad etdikdən sonra bu münbit torpaqlar hesabına ölkə büdcəsinin artması gözlənilir. Ona görə ki, bu torpaqlar kənd təsərrüfatına yararlı torpaqlardır. Sadəcə burada bir məqam var. Ermənilər əkin sahələrinə çox sayda mina basdırıblar. Bu baxımdan həmin ərazilərdə əkinlə məşğul olmaq hələlik çox təhlükəlidir. Çünki sirr deyil ki, burada hər an insan itkisi yaşana bilər. Bildiyiniz kimi, mənfur düşmən qəsdən mina xəritəsini Azərbaycana verməkdən imtina edir. Təbii ki, burada yalnız bir məqsəd var. Əhali həmin əraziyə gec köçsün və ya köçməyə ehtiyat etsin. Hesab edirəm ki, bu məsələ öz həllini tezliklə tapacaq".

R.Qarayev vurğulayıb ki, artıq əkin sahələrinə yararlı torpaqlar minalardan təmizlənir və bu proses sürətlə davam etməkdədir: "Bu torpaqlar taxıl əkini üçün çox əlverişlidir. Həmçinin üzüm istehsalı da azad olunmuş ərazilər üçün ənənəvi məhsullardan biridir. Bundan başqa işğaldan azad olunmuş torpaqlarımız tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var. Hesab edirəm ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Fikrimcə, bu ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması ölkədə aqrar sahənin inkişafına yeni təkan verməklə bərabər, həm də xaricdən idxal olunan kənd təsərrüfatı məhsullarının qarşısını xeyli dərəcədə alacaq. Qeyd edim ki, ölkədə kənd təsərrüfatı məhsullarının bolluğuna səbəb olacaq".

İqtisadçı bildirib ki, Qarabağda əkinə başlanılma heç də kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olmayacaq:

"Hesab etmirəm ki, ucuzlaşma olsun. Çünki büdcənin artımı kənd təsərrüfatı məhsullarının ucuzlaşması ilə səciyyələnmir. Kənd təsərrüfatı məhsullarının bol olması plansız şəkildə əkinlə bağlıdır. Misal üçün, bu il sarımsaq baha olursa, əhali başlayır bu məhsulu əkməyə. Nəticədə artıq sarımsağın qiyməti kəskin ucuzlaşır. Bundan əlavə, bildiyiniz kimi, kənd təsərrüfatı məhsullarının ucuz olması xarici amillə bağlıdır. Yəni məsələn, Rusiyaya gedəcək məhsul sərhəddən müxtəlif səbəblərdən buraxılmır. Nəticədə həmin məhsullar daxili bazara yönəlir. Daxili bazarda da həmin məhsullara tələbat az olduğundan, satışında kəskin ucuzlaşma baş verir. Hesab edirəm ki, əgər Azərbaycan öz taxıl ehtiyatını artıqlaması ilə yığa bilsə və onu xarici bazara yönəltməsə, bu baxımdan unun qiyməti də aşağı düşə bilər. Bunu isə müsbət hal kimi qiymətləndirmək olar".