Müharibə itləri: Alman tanklarını belə partladıblar – İnanılmaz taktika(Fotolar)

Tarix boyu bir çox savaşlarda itlərdən kütləvi istifadə edilib. Qanlı müharibələrdə, şiddətli döyüşlər zamanı itlərdən müxtəlif mesaj daşımalarında, rabitə kabellərinin çəkilişində, minaların basdırılmasında və yerinin tapılmasında geniş şəkildə faydalanıblar. 

“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birinci Dünya müharibəsi illərində Alman ordusunda 30 min it “döyüşüb”. Bu itlər əmrləri və xəbərləri cəbhə xətti ilə qərargah arasında boyunlarına bağlanmış xüsusi qutularda daşıyıblar. 

Bundan əlavə, güclü qoxu hissi sayəsində tibb işçilərinin gözündən qaçan yaralı əsgərləri aşkar edir və hərbi obyektləri qoruyurdular. Hətta paraşütlə müəyyən əraziyə atılır və oranı kəşf edirdilər. Müharibə itlərinə çox az qida və su ilə həyatda qalmağı öyrədirdilər. 

İtlərlə ən qəddar davranışı isə İkinci Dünya müharibəsi zamanı SSRİ edib. 50 mindən çox iti döyüş meydanlarına sürən sovet imperiyası minlərlə heyvanın dəhşətli ölümünə səbəbiyyət verib. Çünki sovet Rusiyası itlərdən “canlı bomba” kimi istifadə etməyə başladı. Aqibətlərindən xəbərsiz itlər faşist Almaniyasının istehsalı olan nəhəng tankları sıradan çıxarmaq üçün tikə-tikə olmağı “gözə aldılar”. 

Əvvəlcə zamana hesablanmış bombalar itlərin üzərinə yerləşdirilərək tankların üzərinə göndərildi. Lakin bu uğursuz olduqda itlərin kürəyinə uzaqdan pultla partlayan bombalar yerləşdirdilər. Öyrədilmiş itlər sürətlə alman tanklarının altına şütüyür və öz canı hesabına düşmən tankını zərərsizləşdirirdi. Ancaq almanlar qısa müddət sonra məsələdən hali oldular və düşmənin ağır silahları cəbhədəki itlərə tuşlandı. Alman faşistləri müharibə meydanında gördükləri hər iti pulemyotdan atəşə tutdular. Nəticədə əsl it qətliamı yaşandı.

İtlərin ən ciddi “uğurlar”ı Kurs və Stalinqrad müharibəsində oldu. Fəda edilən yüzlərcə itə rəğmən, 28 düşmən tankı məhv edildi. Amma ümumən taktika uğursuz oldu, çünki itlər sovet tankı ilə alman tankını ayırd edə bilmədiyi üçün tez-tez rus tanklarını da partlatdı. Zərəri xeyrindən çox olduğu üçün “layihə” ləğv edildi..