Bakı Sağlamlıq Mərkəzinin qeyri-sağlam fəaliyyəti:"Büdcəni “sökməyə” zəmin..."

“Prezident İlham Əliyev 2014-cü il yanvarın 7-də Bakı Sağlamlıq Mərkəzinin açılışını etmişdi. Büdcədən ayrılan vəsait hesabına Mərkəzin inşasına 2010-ci ildə başlanmışdı. İşlər yarımçıq qalmasın deyə, 9 iyul 2011-ci ildə Prezidentin ehtiyat Fondundan əlavə olaraq 5 mln. manat ayrılmışdı. Prezident sonra 18 oktyabr 2017-ci ildə növbəti fərmanla Bakı Sağlamlıq Mərkəzinin nəzdində Publik Hüquqi Şəxs yaratdı ki, öz xərcini ödəyə bilsin, qazancla çalışmağa başlasın, büdcəyə yük olmaqdan qurtulsun”.

Bu sözləri ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 
O, “Sherg.az”a açıqlamasında sözügedən qurumun “ümidləri doğrutmadığını” faktlarla əsaslandırdı:

“Dörd il keçdi, indi nəticələrə baxaq: Bakı Sağlamlıq Mərkəzi 2020-ci ili 6 milyon 724 min manat xalis zərərlə başa vurub. Mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərərlə bağlamışdı. Beləliklə, ötən il Mərkəzin zərəri artıb. Publik Şəxs etdilər ki, guya Mərkəz gəlirlə işləsin, amma hər ili xalis zərərlə başa vurub. Bu bir qırağa, 2017-ci ildə Publik Hüquqi Şəxsə çevriləndə Mərkəzin nizamnamə kapitalı 75 mln. 714 min manat idi, 2020-ci ilin sonuna isə nizamnamə kapitalı azalaraq 56 mln. 30 min manat təşkil edib. Yəni bu illər ərzində nizamnamə kapitalı 19 mln. 683 min manat “əriyib””. 

N. Cəfərli yaranan neqativ halların səbəbləri barədə də danışdı:

“Ölkədə dövlət-məmur “kapitalizmi” mövcuddur. Bütün layihələr gələcəkdə gəlirlə işləməyə deyil, təmir-tikinti zamanı büdcəni “sökməyə”, işlədərkən isə xərcləri şişirdərək “ziyanla” işlədiyini göstərib həm pul mənimsəməyə, həm də vergidən yayınmağa hesablanıb. Digər sahələrlə yanaşı, səhiyyə kimi strateji, sosial məsələdə də eyni yanaşmanın olması hakimiyyət üçün utancvericidir. Dövlət-hökumət iqtisadiyyatda ən pis menecerdir. Dünyada da belədir. Sadəcə bizdə o qədər eybəcər məmur-korrupsiya sistemidir ki, bütün yaxşı ideyaları da batırırlar. Dövlət iqtisadiyyatda birbaşa “oyunçu” olmamalı, ən yaxşı halda “startup” rolunu oynamalıdır...”.