ETSN-ə müraciət: Kürün SES-dən yuxarı hissəsi ekoloji fəlakət həddinə çatıb

Bakı şəhəri Nizami rayon sakini Rüstəm Yaqubəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Paytaxt sakini müraciətində olduqca mühüm məsələyə diqqət çəkib. R.Yaqubəliyev qeyd edib:

“Şəmkir Su Elektrik Stansiyası istifadəyə verildikdən sonra balıqötürücü kanalın tikilməməsi, yaxud yarıtmaz olması səbəbindən Kürün SES-dən yuxarı hissəsi ekoloji fəlakət dərəcəsinə çatıb. 

Xəzərdən Kürə kürü tökmək üçün qalxan balıqlar Şəmkir ərazisinə yığır, öz tökdükləri kürüləri və xırda balalarını özləri yeməyə məcbur olurlar. Əvvəllər bütün çay boyunca Türkiyə ərazisinə qədər yayılır, balalar böyüyüb Xəzərə qayıda bilirdilər. İndi isə bu artım olmadığına görə dənizdə də balıq azalır. Azərbaycanın sahil sularında balıq artımına mənfi təsir edir.

Çayın yuxarı axarında isə digər balıqlar və başqa su canlıları qida azlığından artıb çoxala bilmir. Nəticədə bir çox balıqların və su məməlilərinin kökü kəsilib. Əhalinin qida məhsulunun bir hissəsi olan balıq ətinin qıtlığı da kiçik problem deyil. Xaricdən balıq almağa sərf edilən valyutanın azalması dövlətin də, millətin də xeyrinədir. Prezidentimiz cənab İlham Əliyev də bir neçə dəfə çıxışında iş adamlarına ölkəyə valyuta gətirən məhsullar istehsal etməyi tövsiyə edib. Ölkədə olan məhsula görə xaricə üz tutmamaq da elə bu çağırışa cavabdır”.

Kür suyunun Bakı şəhərinin içməli su təminatında önəmli rol oynadığını vurğulayan R.Yaqubəliyev bildirib ki, suya tələbat ilbəil artmaqdadır:

“Çay sularının təmizliyində su canlılarının gördüyü işi heç bir texniki qurğu görə bilmir. Uzun illərdir yay mövsümündə belə şəffaf olan Kürün suyu qışda da durulmur. Və bu suyu biz Bakıda içirik.

Qış mövsümündə balıqsız suda qida tapa bilmədikləri üçün çoxsaylı quş da artıq bu yerlərdən didərgin düşüb. Hazırda kökü kəsilmiş qunduzların da rolu böyük idi. Onlar sahildə ağac budaqlarından yuva qurur, daim yuvanın dağılmaması üçün təmir işləri görürdülər. Bu isə sahil yarğanlarını sudan qoruyur, sahilin yuyulub axmasının qarşısını alırdı. Onların yox olması Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində əkinə yararlı sahələrin məhv olmasına səbəb olub və sahilin yuyulma prosesi davam edir”.

Məlumat üçün bildirək ki, aidiyyəti qurumlar  "Nizami rayonu, C.Naxçıvanski 94b, mənzil 107, Bakı, Azərbaycan AZ1119, +994 50 538 99 56” ünvanları ilə əlaqə saxlayıb. R.Yaqubəliyevlə müzakirə apara bilərlər.