"Barselona" çempion olsa belə, Kuman qovula bilər

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi tutduğu postu mövsümün sonunda tərk edə bilər.

"Report" ESPN-ə istinadən xəbər verir ki, klubun Direktorlar Şurasının bəzi üzvləri hollandiyalı mütəxəssisin oyun üslubunun uzunmüddətli hədəflərə uyğun olmadığını bildirib. Bu, hətta Kataloniya təmsilçisi ölkə çempionluğu qazansa belə, baş verəcək.

Mövsümün sonuna 3 tur qalmış qızıl medala 4 klub - "Atletiko" (77 xal), "Real Madrid", "Barselona" (hər ikisi 75) və "Sevilya" (71) iddia edir.

Daha əvvəl "Barselona" finalda "Atletik"i 4:0 hesabı ilə darmadağın edərək, İspaniya Kubokunu qazanıb.

Qeyd edək ki, Ronald Kuman komandaya 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2022-ci ilədəkdir.