Sabiqlər birləşsə də Paşinyana qalib gələ bilməyəcəklər - Politoloq

Keçmiş prezident Robert Köçəryan və separatçı-terrorçu Arkadi Qukasyanın yaratdığı seçki blokuna Daşnaksütyun və Yenidən doğulan Ermənistan partiyaları da qoşulub. Blok 9 mayda ilk mitinqini Azadlıq meydanında keçirib. Blokun ideyası və təbliğat istiqaməti “Qarabağ” şüarı olub. Bu, bir daha göstərir ki, “Qarabağ klanı”na aid bu şəxslər revanşist düşüncənin təmsilçiləridir. 

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov “Sherg.az”a deyib ki, Paşinyanın əleyhinə olan qüvvələrin özləri də aciz durumda olduqlarını bilirlər. 

Ekspertin sözlərinə görə, illərlə siyasətlə məşğul olan sabiqlərin məğlub olmuş bir siyasətçiyə qalib gəlmək üçün koalisiya yaratmaq və genişləndirmək cəhdləri acizliyin və ümidsizliyin göstəricisidir: 

“Mahiyyət etibarı ilə uğursuzluğa düçar olmuş birinə seçkidə qələbə çalmaq asan olmalıdır. Erməni cəmiyyətinin gözü 44 günlük müharibədən sonra qorxub. Rusiyanın onları müdafiə edəcəyini hesab etsələr də, bu, olmadı. Xarici havadarları da onları yarı yolda qoydu. Bütün bunları görən erməni cəmiyyəti hər şeyin yalan olduğunu anladı. Əhalinin xeyli hissəsi onlara reallıqları göstərən Nikol Paşinyanın arxasında durur. Ermənistanın revanş müxalifəti isə yenidən müharibə, qisas kimi anlayışlardan istifadə edərək cəmiyyətin ölmüş ruhunu qaldırmaq istəyirlər. Lakin erməni cəmiyyəti elə bir mənəvi zərbə alıb ki, heç bir ideoloji çağırış onları dirçəldə bilməz. Onların yeni avantüraya qurban olmaq fikirləri yoxdur”. 

Analitikə görə, Paşinyanın seçkilərdə yenidən qalib gələcəyi mütləqdir: 

“Revanşistlərin siyasi oyunları Paşinyanın səs faizlərinə əhəmiyyətsiz dərəcədə təsir edə bilər. Seçki erməni cəmiyyəti üçün son mərhələdir. Bundan sonra hesab etmək olar ki, regionun inkişafı prosesi başlanacaq. Mitinqlərə “Qarabağ” şüarı ilə çıxanların heç bir perspektivi yoxdur. Aksiyalar revanşistlər üçün son ümid yeridir. Çalışırlar ki, bu yolla hansısa dönüşə nail olsunlar, lakin bu, onların son çırpınışlarıdır. Revanşistlər qısa zaman sonra ümumiyyətlə Ermənistanın siyasi arenasından silinəcəklər".