Minaların xəritəsi veriləcək: Rusiya da Paşinyanın yenidən baş nazir olmasında maraqlıdır

"İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri görməyimizə ən real maneə minalarla bağlı problemdir. Bunun operativ şəkildə həllinin bir yolu var, o da mina xəritələrini verməsi üçün Ermənistanı məcbur etməkdir".

Bu sözləri sherg.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. O qeyd edib ki, Azərbaycan tərəfi də hər vəchlə buna çalışır və artıq bu cəhdlər nəticə verməkdədir: "Rusiya XİN rəhbəri Lavrov Bakıda bu məsələyə də toxunub və qeyd edib ki, “Hesab edirik ki, məsələ tezliklə həll olunacaq. Ermənistan rəhbərliyi bunu həll etmək lazım olduğunu anlayır. İlk addımlar barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, problem tam həllini tapacaq”. Bununla da S.Lavrov dolayı yolla Azərbaycanın 20 iyunda Ermənistanda keçiriləcək erkən parlament seçkilərinə qədər gözləməsinə işarə edib. Bu həm də o deməkdir ki, Rusiya da Paşinyanın yenidən baş nazir olmasında maraqlıdır".