Real şərh: "Rəsmi Bakı Kremli küncə sıxışdırıb" - Hesablaşır

"Rusiya xarici işlər nazirinin minalanmış ərazilərin xəritələri barədə verdiyi vədlər Kremlin səmimiyyəti ilə deyil, məhz məcburiyyəti ilə bağlıdır"




"Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistandan sonra Azərbaycana etdiyi səfər çərçivəsində bəzi məsələlərə aydınlıq gəldi".
Bu fikirləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli söyləyib.
Analitikin sözlərinə görə, məlum oldu ki, Rusiyanın Cənubi Qafqaz ilə bağlı müəyyən narahatlığı var:

"Xüsusilə də, Kremlin əvvəlki dövrlərdə olduğu kimi artıq bu regionda şəriksiz hegemonluq edə bilmədiyi inkaredilməz reallıqdır. Yəni Azərbaycan və Türkiyə regionda daha üstün siyasi iradə sahibdirlər. Bu isə Kremlə həm sərfəli deyil, həm də bundan ciddi şəkildə narahat olur. Hər halda, Azərbaycan son vaxtlar bir neçə dəfə Rusiyaya qarşı alternativ mövqedən çıxış etməklə regionda artıq fərqli şərtlərin hökm sürdüyünü sübut edib.
Ona görə də indi Kreml üçtərəfli anlaşmaların icrasında daha israrçı mövqe tutur. Həmin anlaşmalar öz əhəmiyyətini itirib, qüvvədən düşərsə, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisindən çıxmaq məcburiyyətində qala bilər. Ermənistanın pozucu fəaliyyətini örnək göstərən rəsmi Bakı artıq belə bir perspektivin mümkünlüyünə eyham vurub. Böyük ehtimalla bu təhlükə barədə Paşinyan hakimiyyəti də xəbərdar edilib. Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyan Lavrova üçtərəfli anlaşmaların yerinə yetiriləcəyinə zəmanət verməyə məcbur edildi. Əks halda, Kreml Ermənistanın Azərbaycan ordusundan müdafiə edilməsinin mümkün olmayacağına da eyham vurdu. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı heç kimin müdafiə edə bilməyəcəyini də vurğulanması böyük ehtimalla bu məqama mesaj kimi də anlaşıla bilər.
Adətən Rusiya rəsmiləri, eləcə də Rusiya xarici işlər naziri son vaxtlara qədər əsasən hərbi əsirlərin dəyişdirilməsi mövzusuna daha çox üstünlük verirdi. Ancaq bu dəfə Bakıda Rusiya xarici işlər naziri Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməsinin vacibliyini vurğulamaq məcburiyyətində qaldı".

E.Xalidbəyli vurğulayıb ki, Lavrov minalanmış ərazilərin xəritəsinin ölkəmizə verilməsini söyləməkdə qətiyyən səmimi deyil:

"Hər halda, Rusiya sülhməramlı qüvvələrinin minalanmış ərazilərin xəritəsinə sahib olduğu barədə ehtimallar kifayət qədər inandırıcıdır. Rəsmi Bakının da bu ehtimala bağlı müəyyən məlumatlara malik ola biləcəyi qətiyyən istisna deyil. Ona görə də, rəsmi Bakı Rusiya ciddi təzyiq göstərməyə başlayıb. Nəticədə Lavrov Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyə meyilli olduğunu vurğuladı. Bu, belə xəritələrin mövcudluğunun rəsmən etiraf olunması anlamına da gəlir. Çünki Ermənistan həmişə bunu inkar edirdi, xəritələrin olmadığını vurğulayırdı.
Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Kremli müəyyən mənada artıq küncə sıxışdırmağa nail olub. İndi Kreml Azərbaycanın maraqları ilə hesablaşmalı olacaq. Yəni, Rusiya xarici işlər nazirinin minalanmış ərazilərin xəritələri barədə verdiyi vədlər Kremlin səmimiyyəti ilə deyil, məhz məcburiyyəti ilə bağlıdır".