“Rəsmi Bakı Şərqi Qüds məsələsini işğal faktı kimi tanıyıb” – AKTUAL ŞƏRH

“Bakı ədalətsiz siyasətə heç zaman haqq qazandıran bəyanatlar verməyib, verməyəcək də”

“Prezident İlham Əliyev özü vaxtı ilə Qüdsün İsrailin paytaxtı olmasına qarşı çıxış da edib”


"Fələstin-İsrail münaqişəsi barədə tək-tük insan obyektiv dəyərləndirmə aparır. Bəziləri isə bu məsələdə Azərbaycanın İsraili dəstəklədiyi qənaətindədir". 
"Sherg.az" xəbər verir ki, bunu siyasi şərhçi, araşdırmaçı-jurnalist Aqşin Kərimov sosial şəbəkə yazıb. 
Analitik vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn çərçivələri əsasında siyasət yürüdür: 

"Yeri gəldi-gəlmədi İsraili dəstəkləməyin, sırf İran siyasi leksikonu ilə İsrailə lənətlər yağdırmağın mayasında aşırı siyasi simpatiya dayanır. Bu da obyektiv mülahizələrdən çox-çox uzaqdır. İsrail Azərbaycanın tərəfdaşıdır, hətta müttəfiqidir. Lakin Bakı ədalətsiz siyasətə heç zaman haqq qazandıran bəyanatlar verməyib, verməyəcək də. Prezident İlham Əliyev özü vaxtı ilə Qüdsün İsrailin paytaxtı olmasına qarşı çıxış da edib. Onu da bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Rəsmi Bakı Şərqi Qüds məsələsini işğal faktı kimi tanıyıb və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətlərə etiraz edib".