Sərt reaksiya:“Erməni faşizimi baş qaldırarsa, dərhal məhv ediləcək”

“Azərbaycan tərəfinin üç erməni hərbçisini Ermənistana qaytarması hər şeydən öncə Prezident İlham Əliyevin postmünaqişə mərhələsini əməkdaşlıq mərhələsi kimi görməsi və bunun üçün real addımlar atmağa hazır olması kimi qiymətləndirilə bilər”.

 Bu sözləri millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

 O, “Sherg.az”a açıqlamasında bildirdi ki, düşmən jestlərimizə adekvat cavab verməlidir: 

“Hamıya aydındır ki, müharibə bitib, Azərbaycan qəti qələbə əldə etməklə beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Bundan sonra erməni faşiziminin revanşizmi baş qaldırarsa, dərhal məhv ediləcək. Ona görə də erməni tərəfi Azərbaycanın bu hərbi-siyasi nəzakətini bir fürsət kimi qiymətləndirməli və dərhal adekvat cavab verməyi bacarmalıdır. Mümkün cavab isə vaxt itirmədən uzun müddət işğal altında saxladığı ərazilərimizdə yerləşdirdiyi minaların xəritələrini Azərbaycana verməsi olmalıdır. Bununla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı haqqında Ermənistanda olan bütün məlumatlar Azərbaycana bildirilməlidir. Revanşist siyasi ritorikaya, kin və nifrəti təbliğ etməyə son qoyulmalı, kommunikasiyaların açılmasına maneə törədilməməlidir. Əgər rəsmi İrəvan bu addımları atarsa, həm yeni siyasi reallığı qəbul etdiyini, həm də sonrakı mərhələdə əməkdaşlığa hazır olduğunu nümayiş etdirmiş olar. Çünki regionun gələcək inkişafı və birgəyaşayışı yalnız qarşılıqlı əməkdaşlıqdan və beynəlxalq hüquqla tənzimlənən ədalətli münasibətlərdən keçir”.