Ermənistanda siyasi xaos:“Məğlub ölkən yeni kataklizmlərin astanasındadır”

“Ermənistanda seçkiöncəsi ictimai-siyasi vəziyyət ziddiyyətli və gərgindir. Əvvəla, hökumətin istefası, baş nazirin seçilməməsi parlament və hakimiyyət böhranının mövcudluğundan xəbər verir. Bununla yanaşı,  siyasi xaos bir neçə istiqamətdə özünü göstərir”. 

Bu sözləri politoloq Nurlan Qələndərli deyib. 
 O, daxili vəziyyətin ürəkaçan olmadığını göstərən məqamları “Sherg.az”a sadaladı: 

“Birincisi, Paşinyanın komandası daxilində dərinləşən fikir ayrılıqları fonunda gərginlik artır. Yəni bu komanda növbədənkənar seçkilərə monolit qüvvə kimi getməkdə çətinlik çəkir. İkincisi, müxalif qüvvələrin hakim komandaya qarşı resursları səfərbər etmək və vahid mövqedən çıxış etmək imkanları zəifləyib. Bu, əsasən müxaliflər arasındakı siyasi eqo savaşı və amibisiyalarla bağlıdır. Üçüncüsü, vətəndaşlar həm iqtidar düşərgəsinə, həm də müxalif qruplaşmalara inam və etimad bəsləmirlər. Mənfi emosiyalarla yüklənən seçicilər siyasi kampaniyaya etinasız və laqeyd münasibət göstərirlər. Bu, həm də məğlub ölkədəki ağır sosial-iqtisadi vəziyyətlə əlaqədardır. Dördüncüsü, Ermənistanda ekspertlər növbədənkənar seçkilərin leqallığı və legitimliyinə dair ciddi şübhələr ifadə edir, seçkiöncəsi mühitin antidemokratik olduğunu vurğulayırlar. Beləliklə, Ermənistanda siyasi qeyri-müəyyənlik hökm sürür, sürüşkən müstəvidə cərəyan edən proseslər məğlub ölkəni yeni kataklizmlərə doğru sürükləyir”.