"“Xarı bülbül” musiqi festivalının bərpası tarixi hadisədir"

"Şuşada “Xarı bülbül” musiqi festivalının 29 ildən sonra yenidən bərpası ölkəmizin mədəni həyatında tarixi hadisədir".
"Sherg.az" xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 
Deputat bildirib ki, müzəffər Ali Baş Komandanımızın festivalın açılışında qeyd etdiyi kimi, həmin gün Azərbaycan tarixində əlamətdar gün idi: 

"Sevindirici, eyni zamanda qürurverici haldır ki, Şuşada artıq həyat başlayır. Əsrarəngiz gözəlliyi ilə seçilən Cıdır düzündə ucalan musiqi sədaları ilə mədəniyyət paytaxtımız olan Şuşa yenidən əvvəlki gözəlliyinə qovuşur. Azərbaycan incəsənət xadimlərinin Qarabağın ürəyinə həsr olunmuş əsərlərinin təqdim edilməsi isə doğma yurdumuza, mənəvi dəyərlərimizə bağlılığımızın göstəricisidir. Bu kimi tədbirlərin keçirilməsi Şuşanın əvvəlki simasını bərpa etməklə yanaşı, mədəni dəyərlərimizin təbliğində də xüsusi önəm kəsb etməkdədir. Bu festival Azərbaycanda multikultural dəyərlərə verilən önəmi bir daha nümayiş etdirdi. İnanıram ki, mədəniyyət beşiyi olan Şuşa tezliklə tarixi gözəlliyinə qovuşaraq, mədəni məclislərini, tədbirlərini bərpa edərək mədəniyyət xəzinənimizə xüsusi töhfə verəcək".