“Türkiyə Fələstinə açıq dəstək verir, “Ərəb ölkələri isə susur”

“Onlar  Türkiyənin regionda güclənməsi və regional gücə çevrilməsini qəbul etmədiyi üçün İsraillə münasibətləri normallaşdırmaq niyyətindədir”


“1949- cu ildə müsəlman ölkələri arasında ilk dəfə Türkiyə İsrailin müstəqilliyini tanıyıb onunla diplomatik əlaqə quran zaman Ərəb ölkələri Türkiyəyə qarşı bir kampaniya başlatdılar. Bunun nəticəsində Türkiyə beynəlxalq arenada təkləndi. Hətta 1960- cı illərin əvvəllərindən başlayaraq Kipr böhranı zamanı da Ərəb ölkələri Türkiyəni deyil, Yunanıstanı və Kipr adasının yunan icmasını dəstəklədi”.

Bu sözləri siyasi analitik Samir Hümbətov deyib.
O,mövzu barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“Amma 1967-ci ildə İsrail- Ərəb müharibəsində Türkiyə Ərəb ölkələrinə dəstək göstərməklə müsəlman həmrəyliyini nümayiş etdirdi.  Bütün bu çətinliklərdən sonra Ərəb ölkələri 1974- cü ildə baş vermiş Kipr böhranında Türkiyəyə dəstək verdi. Türkiyə və İsrail arasında hər zaman yaranmış problemlərin kökündə məhz Fələstin məsələsi olub. Bu gün də Türkiyə və İsrail arasında yaranmış problemlərin kökündə yenə Fələstin məsələsi var. 1949-cu ildə İsraillə əlaqə quran zaman Fələstin məsələsini bəhanə edib Türkiyə ilə münasibətlər tamamilə soyudan Ərəb ölkələri bu gün Türkiyənin Fələstinə açıq dəstək verməsinə baxmayaraq, susqunluğunu qoruyur”.  

S. Hümbətov, qeyd etdiyi məqamın səbəblərini də açıqladı:

 “Birincisi, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn təhlükəsizlik baxımından ABŞ-dan asılıdır. Yayılan son məlumatlara görə, adıçəkilən ölkələr İsraillə münasibət qurmaq niyyətindədirlər. İkincisi, əvvəlki illərdə İsrail məsələsi Ərəb ölkələri üçün bir propoqanda hesab edilirdi. Sözügedən Ərəb ölkələri bu təbliğat nəticəsində müsəlman ölkələri arasında liderlik siyasətinə çalışırdı. Üçüncüsü, Ərəb ölkələri arasında birlik 1967- ci ildə İsrail-Ərəb müharibəsindən sonra Misirin İsraillə razılaşmaya gəlməsi nəticəsində dağıldı. Beləliklə də, həm İsrail, həm də ABŞ öz siyasətini regionda yürütməyə başladı.  Nəhayət, Ərəb ölkələri Türkiyənin regionda güclənməsi və regional gücə çevrilməsini qəbul etmədiyi üçün İsraillə münasibətləri normallaşdırmaq niyyətindədir”.