Gürcüstan M4 avtomatlarının istehsalına başlayır

Cari ilin sonunadək Gürcüstanda ABŞ mənşəli M4 avtomatlarının istehsalına başlanacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin “nazir saatı” formatında çıxış edən müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

Onun sözlərinə görə, istehsalı həyata keçirəcək Gürcüstan-İsrail birgə təşəbbüsü olan müəssisə ilin sonunadək fəaliyyətə başlayacaq.

Nazir qeyd edib ki, cari ilin fevralında Gürcüstan ordusu ABŞ-ın dəstəyi ilə yeni tipli avtomatlar və qumbaraatanlar qəbul edib. Bildirib ki, silahlı qüvvələrin M2 iriçaplı pulemyotla və MK19 tipli qumbaraatanla təmin edilməsi istiqamətində işlər davam etdirilir.