Türkiyəli jurnalist: "Ermənilərin dezinformasiyaları puç oldu”

Bu günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşada oldular, “Xarı bülbül” musiqi festivalında iştirak etdilər. Bu, düşmənə göz dağı idi. Bir vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan kimi sərsəm bəyanatlar səsləndirən həyat yoldaşı Anna Akopyan da indi başa düşdü ki, danışmaqla deyil…Dünyada haqq-ədalət var. Və o, həmişə öz sözünü deyir.  Şuşadan çəkilən kadrlar, əlbəttə, qardaş türkiyəliləri də sevindirdi. Türkiyəli jurnalist Aytekin Polatel Azərbaycanın qazandığı zəfər barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Azərbaycanda baş verənlər barədə internet saytlarından və televiziya kanallarından məlumat alırdım. Məlum olduğu kimi, Qarabağda illərdir ki, işğal hökm sürüdü. Bu müharibədə həmin işğalı dünya ictimaiyyətinə çatdırmaq çox vacib idi. Beləliklə, həm azərbaycanlı, həm də türkiyəli jurnalistlər birlikdə çalışdılar və kimin haqlı olduğunu, ədalətin harda olduğunu hər kəsə göstərdilər. Haqqımız olan torpaqların yenidən Azərbaycanın sərhədlərinə daxil olması bütün türk dünyası üçün böyük qürurdur. Biz əsrlərdir qardaşıq və bu qardaşlıq davam edəcək. Qardaşlığımız dosta güvən, düşmənə qorxu verir. Azərbaycan və Türkiyə ətlə dırnaq kimidir. Bu iki dövləti bir-birindən ayırmaq mümkünsüzdür”. 

 O, həmçinin informasiya müharibəsi barədə fikirlərini də bölüşdü:

“Biz öz fəaliyyətimizlə daim Azərbaycanın haqlılığını isbatlamağa çalışdıq. Bunu həm qəzetlərdə, həm televiziya kanallarında, həm də saytlar və sosial şəbəkələrdə “Savaşınız savaşımızdır” başlıqları ilə etdik. Türkiyə və Azərbaycan çox çətin relyefdə yerləşən iki qardaşdı. Biz bu coğrafi mövqedə əsrlər boyu yaşadıq və yenə yaşayacağıq. Bu mənada hər cəhətdən ortaq hərəkət etməyə ehtiyacımız var. Deməli, qarşılıqlı və birgə informasiya axınını təmmin edən ortaq platforma da yaradılmalıdır. Bilirik ki, hərb cəbhəsində qələbə qazanmaq üçün əsgərlər canlarından keçirlər. İnformasiya cəbhəsi də belədir. Qalib gəlməkdən ötrü birgə fəaliyyət göstərmək daha yaxşıdır. Məlum olduğu kimi, Ermənistan bu dövrdə saxta xəbərlər yayırdı. Türkiyə və Azərbaycan mediası isə sözügedən təxribata qarşı çox yaxşı müqavimət göstərdi. Beləliklə, dezinformasiyalar puç oldu”.