Azərbaycandan Rusiyaya pomidor ixracı artırılacaq


Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur.

Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor” tərəfindən 14 may 2021-ci il tarixindən daha 30 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288 414 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 %-ni təşkil edir.