Şirvanda iki bacını bıçaqlayan keçmiş məhkum saxlanılıb

Şirvanda üç ay əvvəl iki bacını bıçaqlayan və adam oğurluğunda ittiham olunan keçmiş məhkum saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu ilin 9 fevral tarixində Şirvan şəhərində ağır cinayət törədərək hüquq-mühafizə orqanlarından gizlənən, əvvəllər məhkum olunmuş 58 yaşlı Şirvan sakini Nəzərov Eyvaz Mehdi oğlu keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis tərəfindən saxlanılıb.

ƏQeyd edək ki, göstərilən tarixdə E. Nəzərov qonşuları – 1993-cü il təvəllüdlü Şəhla Qasımovanı və onun bacısı, 1994-cü il təvəllüdlü İlahə Qasımovanı bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçaraq hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub. Hadisə zamanı yaralanan hər iki bacı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, daha iki nəfər isə münaqişə zamanı əlindən yüngül bıçaq xəsarətləri alıb. E. Nəzərov eyni zamanda hadisə baş verməzdən öncə adı çəkilən bacılardan birini qaçırıb. Qaçırılan qadın ondan qurtulmaq üçün ailəsi ilə görüşmək bəhanəsi ilə Eyvazın müşayiəti ilə evlərinə gəlib, elə həmin anda da bıçaqlanma hadisəsi baş verib. E. Nəzərova qarşı həmçinin adam oğurluğu maddəsi ilə cinayət işinin açılacağı gözlənilir.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.