Türkiyəli ekspert: “Region qan dənizinə çevrilə bilər”

Son günlər siyasi gündəmi zəbt edən əsas mövzulardan biri İsraillə Fələstin arasındakı müharibədir. Raketlər dayanmır, qışqırıqlar, hayqırtılar kəsilmir. Ölənlərin sayı isə günü-gündən artır. Bəzi ekspertlərin fikrincə, savaşın miqyası böyüyə bilər. 

Türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onay da belə düşünür. O, toqquşma barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Beynəlxalq münasibətlər sisteminin öndə gedən imperialist gücləri - ABŞ, Böyük Britaniya və Fransa zaman-zaman başqa ölkələr vasitəsilə dünyada şiddət tətbiq edirlər. Eyni ilə Fələstində olduğu kimi. Bu dəfə İsrailin “əli”ilə, üstəlik müqəddəs bir məkanda və uşaq, qadın tanımadan hücum başladıblar. Xeyli sayda insan ölüb və yaralanıb. Bunu niyə etdikləri hələ məlum deyil. Çünki tutarlı səbəb yoxdur. Amma soyqırım qurbanı olmuş İsrailin bu gün eyni ritorikanı başqasına- Fələstinə qarşı sərgiləməsi çox pisdir. Böyük ehtimalla bu, hələ başlanğıcdır. Hədəf hansısa formada İranı proseslərə cəlb etməkdir. Belə olsa, bütün region qan dənizinə çevrilə bilər. Türkiyə və Azərbaycan isə soyuqqanlı davranmalı, hadisələri yaxından izləməli və diplomatiyadan sonuna qədər istifadə etməlidir”.