Yaponiyada fövqəladə vəziyyət rejimi elan edilib

Yaponiya hökuməti koronavirusa yoluxma sayı artdığına görə daha üç prefekturada fövqəladə vəziyyət rejimi elan olunması barədə qərar qəbul edib.

Sherg.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib.

"Biz antivirus tədbirlərinin təxirə salınmadan həyata keçirilməsi uçun fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu rayonların yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edəcəyik. Bu tədbirlərə spirtli içkilərin satışının, bar və restoranlarda karaoke xidmətinin göstərilməsinin dayandırılması, həmçinin məsafədən işə cəlb edilmənin təşviqi daxildir", - deyə Baş nazir bildirib.

Y.Suqa qeyd edib ki, əsas vəzifə ümummilli tədbirlər yox, hər bir regionda konkret vəziyyət nəzərə alınaraq səmərəli addımların atılmasıdır. Baş nazir, həmçinin peyvəndləmənin sürətləndiriləcəyini də vəd edib.

Xatırladaq ki, hazırda Yaponiyada fövqəladə vəziyyət rejimi Tokio və Osaka da daxil olmaqla 6 prefekturada mayın sonunadək tətbiq olunur.

Bazar günündən başlayaraq isə bu siyahıya Hokkaydo, Okayama və Hiroşima prefekturaları da əlavə ediləcək. Bununla yanaşı, hökumət daha üç prefekturada antivirus tədbirlərinin intensivləşdirilməsini planlaşdırır.

Koronavirusa qarşı tədbirlərə cavabdeh nazir Nişimura Yasutoşi bildirib ki, hazırda virusun daha ağır ştamlarının yayılması vəziyyəti çətinləşdirir. Bu ştamların gənc insanlara təsiri daha ciddi simptomlar yarada bilər.

Yaponiya Milli Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçılarının bildirdiyinə görə, hazırda yeni yoluxmaların 90 faizini N501Y mutasiyasını daşıyan ştam təşkil edir.

Son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 673 min 821 nəfərə çatıb, onlardan 11 min 383-ü həyatını itirib.