"Cıdır düzünə bir də heç vaxt işğalçıların ayağı dəyməyəcək" - Partiya sədri

"Prezidentin çıxışı və möhtəşəm “Xarı bülbül” festivalı Nikol Paşinyan-Anna Akopyan kimi uğursuz cütlüyün idarə etdiyi işğalçı ölkəyə Azərbaycanın ən layiqli cavabı oldu".

Bunu "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
 


Partiya rəhbəri qeyd edib ki, Şuşanın ən gözəgəlimli yerində rəmzi əhəmiyyət daşıyan məscidin təməlinin qoyulması da işğal dönəmində Qarabağın müxtəlif guşələrində 63 məscidimizi dağıtmış erməni vandallarına cavabdır: 

"Bu həm də onları himayə edən Fransa, Kanada kimi islamofob ölkələrə cavabdır. Bu məscid Şuşanın milli-mənəvi koloritini daha da zənginləşdirəcək. Şəhərin müsəlman dünyasının mədəni mərkəzlərindən birinə çevrilməsinə bir növ körpü olacaq. Bütün Türk-İslam dünyasının mədəniyyət paytaxtı statusunu daşımaq imkanlarına malik olan Şuşanın parlaq gələcəyinin təməli məhz cənab Prezident tərəfindən qoyulur. Şuşa özündə bütün Qarabağımızın müsbət aurasını, kosmoenerjisini birləşdirir. Bu şəhərin tam fərqli aurası var. Bunu cənab Prezident Şuşada jurnalistlərlə söhbətində qeyd etdi. Şuşa bütün Qarabağın lokomotivi rolunu oynayır. Şuşa dirçəlirsə, bu bütün Qarabağın dirçəlişi deməkdir. Şuşanın bərpası və yenidənqurulmasının Ermənistanın hakimiyyət və müxalifət dairələrini, revanşist qüvvələrini qıcıqlandırması da məhz bundan irəli gəlir".

Analitik vurğulayıb ki, düşmən Şuşanın işğaldan azad edilməsi faktı ilə heç cürə barışa bilmir: 

"Lakin Ali Baş Komandanımız Hadrutu, Şuşanı yenidən ələ keçirmək çağırışları ilə çıxış edən düşmən ölkənin revanşist qüvvələrinə növbəti dəfə qəti xəbərdarlığını etdi.  “Dəmir yumruğ”umuzun yerində olduğunu bildirdi. Bundan sonra Şuşada yalnız yeni nəfəs, yeni həyat, sülh, və əmin-amanlıq hökm sürəcək. Mədəniyyət paytaxtımızda yerli və beynəlxalq miqyaslı bayramlar, festivallar, mədəniyyət tədbirləri keçiriləcək. Cıdır düzünə bir daha heç vaxt işğalçıların ayağı dəyməyəcək. Ermənistanda olan bəzi siyasi qüvvələrin seçkiqabağı dönəmdə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini yenidən işğal etməyin mümkünlüyü barədə bəyanatlarla çıxış etməsi ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir".