Vacib mətləb!- “Makronun Azərbaycanı ittiham etməsi...”

Fransa prezidentinin və Ermənistan baş nazirinin mətbuat xidmətləri təxribat xarakterli bəyanatla çıxış ediblər. Emmanuel Makron Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən qərəzli bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.
Halbuki Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, Azərbaycan sərhədçiləri sözügedən ərazilərə - ölkəmizə aid mövqelərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı üçtərəfli sazişin həyata keçirilməsi məqsədi ilə yerləşdirilirlər.

Fransa tərəfi, ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr statusunun əksinə, bir tərəfin mövqeyindən çıxış edərək, digər tərəfin dünya birliyinə təqdim etdiyi mövqeyini nəzərə almır. Fransa Prezidenti ciddi-cəhdlə BMT Təhlükəsizlik Şurasını prosesə cəlb etməyə çalışır.

Makranon qərəzli yanaşmasını “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, bu addım Fransa üçün Azərbaycanın birdəfəlik itirilməsi deməkdir:

“Azərbaycanın torpaqlarına sahib çıxması və sərhəd xətləri üzərindən erməni lobbisinin bu addıma təpki göstərməsinin şahidiyik. Bunların arxasında ciddi nüanslar dayanır. Təəssüf ki, Fransa prezidentinin Azərbaycanı işğalçılıqda ittiham etməsi vacib bir mətləbdən xəbər verir. Erməni lobbisinin əlində əsir-yesir olan Fransa dövləti Türkiyənin son dönəmlərdə Aralıq dənizində və Cənubi Qafqazda nüfuzu artırdığı üçün heyif almaq istəyir. “Erməni kartı” qərb ölkələri, o cümlədən Fransa üçün vasitələrdən biridir. 44 günlük müharibədə Türkiyə-Azərbaycan birliyi öz bəhrəsini verdi. İndi isə Fransa tərəfi yaxın zamanlarda qurumu tanımaq istəyir. Hesab edirəm ki, bu addım Fransa üçün Cənubi Qafqaz və Yaxın Şərq siyasətinin iflası deməkdir. Təəssüf ki, Fransanın Şərq baxışını erməni düşüncəsi təşkil edir”.