İran məsuliyyətsizlik edir! - “Cənub qonşumuzun cavabı blefdir”

Dünən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə'" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadının "Dayan" əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunsa da, onların həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

Politoloq Sədrəddin Soltan bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Bu, İranın öz sərhədinə və qonşu dövlətin sərhədinə məsuliyyətsizliyin göstəricisidir. Belə hallar dəfələrlə olub, sərhədçilərimiz şəhid edilib. Rəsmi Tehran narkotik alverçilərinin fəaliyyətinin qarşısını almaqda aciz olduğunu deyir. Əslində isə sadəcə özünü belə göstərir. Doğrudan da, dediyi kimidirsə, deməli, hərbçilər öz dövlətlərinin təhlükəsizliyini təmin edə bilmirlər. Bu isə vətəndaşlar üçün təhdiddir. İran atom- nüvə proqramını necə həyata keçirir ki, ölkədə strateji obyektlərə hücum realdır?!  Hətta kənardan asanlıqla sərhədə keçib, dövlət başçılarına sui-qəsd də etmək olar. Bu, təxribat yox, məsuliyyətsizlikdir. Və belə məsuliyyətsizlik həm də dövlət sərhədlərinə laqeyd yanaşmaqdır”.