Şəhidlə “like” yığanlar var ! – Dəyərlər sistemində “çatlar” yaranıb 

Azərbaycan xalqı torpaqlarımız uğrunda, millətinin azadlığı və sabahı yolunda canından keçən şəhidləri ilə daim qürur duyub. Tariximizin bütün mərhələlərində yetişən bu insanlar milli kimliyimizin daşıyıcılarıdır.
44 günlük Vətən Savaşında xalqımızın şəhidlik və qəhrəmanlıq tarixinə yeni səhifələr yazıldı.Lakin şəhidlərimizin adından sui-istifadə edənlər də var. Xüsusilə sosial şəbəkələrdə şəhidin fotosunu paylaşıb “like” yığmaq sevdası günümüzün acı reallıqlarından biridir.

Mövcud durumla bağlı “Sherg.az”a danışan sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, belə şəxslərin hər biri dərin xəstəliyin simptomlarından əziyyət çəkir. Sosioloqun fikrincə, bu xəstəlik indiki gənclərimizin mənəvi dəyərlərə olan münasibətindəki problemdən xəbər verir:

“Sovet tərbiyə sistemində belə bu məsələlərlə bağlı müsbət məqamlar var idi. Cəmiyyətimizdəki bəzi şəxslər şəhidimizin adından sui-istifadə edir, tanınmaq istəyirlər. Bir başqası şəhidimizi lağa qoyaraq özünə şöhrət qazanmaq istəyir.

Digəri şəhidlərin fotosunu paylaşaraq bəyənmə yığır. Ölkəmizdə belə insanların olması mənəviyyatl bağlı problemlərdən xəbər verir. Bəlkə, şəhid adından istifadə edənlərin ailə tərbiyəsində də müəyyən çatışmazlıqlar olub.

Amma indiki valideynlər son 30 ildə formalaşan insanlardır. Təəssüf ki, bu 30 ildə Azərbaycan mənəvi dəyərlərində problemlərin yaranması dövrü oldu. Yəni indiki valideynlər normal cəmiyyətdə formalaşmayıb. Ümidimiz daha çox təhsil sisteminədir. Çünki ailələrdə problem çoxdur, hər şeyi ailədən gözləyə bilmərik.

Daha operativ və müsbət iş görə biləcək təhsil sistemi olmalıdır. Təəssüf ki, bu gün təhsil sistemimiz mənəvi dəyərlərin dərinləşməsi, vətənpərvərliyin yüksəlməsi ilə bağlı sistemli və lazımi işlər görmür. Görülən işlər də ayrı-ayrı müəllimlərin şəxsi təşəbbüsüdür”.