Təlimlər düşmənə siqnaldır!- “Azərbaycan hərbi yoldan istifadəyə hazırdır”

Bu gündən etibarən Azərbaycan Silahlı Qüvvələrinin növbəti hərbi təlimləri başlayıb. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək. Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

 Hərbi ekspert Ədalət Verdiyev təlimin əhəmiyyəti barədə “Sherg.az”a danışdı: 

“Məqsəd silahlı qüvvələrimizin döyüş hazırlığını yüksəltməkdir. Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə və atəşkəsə əməl edilməsinə rəğmən,ordumuz döyüşə hazırlıq üçün planlı tədbirlərini davam etdirir.

44 günlük müharibədə əldə etdiyimiz zəfərdən sonra ilk dəfə belə genişmiqyaslı təlimlər keçirilir.

Hazırlıqlar real təhdidlərin aradan qaldırılması üçün tətbiq olunacaq fəaliyyətlərin daha geniş xarakter almasından ötrüdür.

Hər halda erməni silahlıları hələ də ərazilərdən tam çıxmayıblar. Üstəgəl, Laçın- Gorus yolunda təxribatlar törədilir, dezinformasiyalar yayılır. Zəngəzur dəhlizi isə hələ də açılmayıb.

Azərbaycan təlimlərlə göstərir ki, prosesi tam başa çatdırmaq nümunə bütün vasitələrdən, o cümlədən hərbi yoldan istifadə etməyə hazırdır. Bu, düşmənə siqnaldır!».