Məktəblər açıldı, üzlər güldü

Artıq şagirdlər virtual aləmdən ayrılıb əyani təhsilə başlayacaqlar

"Tədrisin yenidən ənənəvi qaydada bərpası növbəti tədris ilinə şagirdləri həm fiziki, həm də psixoloji qaydada hazır edəcək"


"May ayının 17-dən etibarən əyani tədris prosesinin bərpası doğru və vaxtında atılımış bir qərardır".

Bu sözləri "Şərq"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, tədris prosesinin yenidən ənənəvi qaydada bərpası  bir sıra məsələlərdə öz müsbət həllini tapacaq: "Hesab edirəm ki, ilk növbədə tədris prosesinin 17 maydan etibarən bərpası özündə bir sıra müsbət nəticələri gətirəcək. Belə ki, şagirdlər uzun müddətdir ki, məktəbdən uzaq qalıblar. Tədrisin yenidən ənənəvi qaydada bərpası növbəti tədris ilinə şagirdləri həm  fiziki, həm də psixoloji qaydada hazır edəcək. Yəni onların məktəblərə adaptasiyası üçün tədrisin bərpası olduqca vacib idi.

İkinci vacib məqam ondan ibarətdir ki, bizim orta ümumtəhsil məktəblərimizdə təhsil alan şagirdlərin hamısı birinci yarımil üzrə tam şəkildə biliyinin məktəb daxilində qiymətləndirməsində iştirak etməyiblər. Yaxud da ki, bəzi hallarda birinci yarımil üzrə qiymətləndirmə zamanı  proses onlayn qaydada olduğu üçün valideynlər və digər  ailə üzvləri  uşaqlara kənar köməklik ediblər. Tədris prosesinin bərpası xüsusilə məktəbdaxili ikinci yarımil və illik qiymətləndirməni həyata keçirməyə imkan verəcək. Bunun nəticəsində  ikinci yarımil və illik qiymətləndirməni məktəblərdə, auditoriyalarda obyektiv və bərabər imkanlar şəraitində həyata keçirilməsi mümkün olacaq". 



Təhsil eksperti qeyd edib ki, tədris prosesinin yenidən bərpası zəif mənimsənilmiş dərslərin yenidən şagirdlərə çatdırılmasında mühüm rol oynayacaq:

"Vacib nüans ondan ibarətdir ki, onlayn dərslər zamanı bir sıra mövzular şagirdlərə keçirilməyib və yaxud da zəif keçirilib. Tədris prosesinin bərpası imkan verəcək ki, şagirdlər tərəfindən zəif mənimsənilən və yaxud da ki, ümumiyyətlə, mənimsənilməyən mövzular yenidən şagirdlərə çatdırılsın və öyrədilsin. Bu olduqca müsbət bir addımdır. Qeyd edim ki, şagirdlər arasında xüsusən texniki və təbiət fənlərinin mənimsənilməsində vəziyyət ürəkaçan deyil. Bu  imkan verəcək ki,  şagirdlər həmin mövzuları yenidən mənimsəyə bilsinlər. Digər tərəfdən biz bilirik ki, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən etibarən dərsliklər uşaqlara pulsuz olaraq verilir. Həmin dərsliklər tədris ilinin sonunda uşaqlardan yığılmalıdır. Məhz həmin dərsliklərin yığılması, korlanmış, istifadəyə yararsız dərslik komplektinin çıxarılması və invertara salınması üçün mütləq şəkildə tədris prosesi bərpa edilməli idi. Çox təəssüf ki, şagirdlər uzun müddətdir ki, virtual aləmdə idilər. Real olaraq ünsiyyət qabiliyyətlərini itiriblər. Amma tədris prosesinin bərpası imkan verəcək ki, uşaqlar sinif yoldaşları ilə yenidən yaxından ünsiyyət qursunlar, özləri ilə bağlı müəyyən informasiyaları bölüşə bilsinlər. Bundan başqa onlayn qaydada bütün bu proseslərin hər birini təşkil etmək mümkün deyildi. Amma indiki situasiyada artıq tədris prosesinin normal qaydada tədrisi mümkündür".

K.Əsədov müəllimlərin vaksinasiyası prosesindən də danışıb:

  "Qeyd edim ki, bu günə qədər orta ümumtəhsil məktəblərinin risk qrupunda olan müəllimlərin böyük faizi artıq vaksinasiya prosesinə qoşulub. Bugünədək olan məlumatlara görə, risk qrupunda olan müəllimlərin 70 faizi bu prosesin artıq iştirakçısına çevrilib. Təbii ki, bu olduqca müsbət haldır. Ümumiyyətlə, qeyd edim ki, vaksinasiya könüllüdür. Burda iştirak etməməyə görə hər hansı cəza nəzərdə tutulmur. Vurğulayım ki, may ayının 10-dan etibarən ölkədə 18 yaşdan yuxarı bütün şəxslər də artıq könüllü vaksinasiya prosesinə qoşula bilərlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda biz yeni tədris ilini normal qaydada başlaya biləcəyik".