Ermənistan çıxılmaz zülmətə sürüklənir

Ölkənin siyasi elitası kukla halına salınıb

"Yaxın gələcəkdə Rusiyanın Ermənistandakı hərbi bazasının coğrafi arealı genişlənə bilər"


Gümrüdəki 102-ci hərbi bazanın qüvvələri Zəngəzur (Sünik və Geqarkunik) mahalına atılır. Bu məlumatı “Verelq” saytı öz mənbələrinə istinadən yayıb. “Çoxları mayın 14-də Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikovun Ermənistana gəldiyini gözdən qaçırdı. O artıq müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanla görüş keçirib. 102-ci baza Dvornikova tabedir. O, bu bazanın fəaliyyətini koordinasiya edir”. 

Qeyd edək ki, 102-ci bazanın Zəngəzurda dayaq məntəqəsinin yaradılması qərarının qəbul edildiyini Nikol Paşinyan bir müddət öncə bəyan etmişdi.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov vurğulayıb ki, uzun müddətdir ki, Ermənistanın əsas məqsədi Gümrüdəki hərbi bazanın başqa regionlara daşınmasıdır. O qeyd edib ki, Ermənistan Gümrüdəki hərbi bazanın fəaliyyət arealını genişləndirmək istəyir:

"Ona görə də əgər fikir verirsinizsə, 44 günlük müharibənin hər günündə demək olar ki, sərhəd bölgələrində Zəngəzurda adətən Rusiya bayraqları qaldırırdılar. Bu, Ermənistanın əslində bir dövlət olaraq müstəqil olmadığını və başqalarından asılı olduğunu göstərən ən önəmli nüanslardan biridir. Bununla da, artıq Ermənistan siyasi və hərbi komandanlıqda müstəqil dövlət olmadıqlarını, forpost olduqlarını açıq şəkildə nümayiş etdirirlər". 

T.İsmayılov bildirib ki, Ermənistan rəhbərliyinin müstəqil olmamaqlarını açıq şəkildə bəyan etməsi Rusiya tərəfindən də maraqlı izlənilir:

"Rusiya da Ermənistandan gələn bu mesajlara adekvat reaksiya verməyə çalışır. Düşünürəm ki, yaxın gələcəkdə Rusiyanın Ermənistandakı hərbi bazasının coğrafi arealı genişlənə bilər. Bu təkcə sərhəd bölgələrində deyil, eyni zamanda Ermənistanın başqa şəhərlərində, hətta paytaxt İrəvanda da reallaşa bilər.

Gümrü hərbi bazasının kiçik şəkildə alayları və yaxud da hansısa böyük həcmli briqadası başqa şəhərdə də dislokasiya olunub fəaliyyət göstərə bilər.

Amma bu, bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinə heç bir təsir göstərməyəcək. Dediyim kimi, bir tərəfdən Qərbdən idarə olunan erməni lobbiləri tərəfindən kukla halına salınmış Ermənistan siyasi elitası, digər tərəfdən isə tamamilə Rusiyadan asılı vəziyyətə gətirilən hərbi elita var.

Bu baxımdan Ermənistanda demək olar ki, müstəqil olan heç bir atribut qalmayıb. Ermənistan əslində Rusiya hərbi bazasının başqa bölgələrə daşınması ilə bağlı çağırışlar etməklə, öz acizliyini göstərir".