Gürcüstandan Azərbaycana katalizatorsuz maşınlar gətirilib

Qəzalı avtomobillərin ölkəyə girişi qadağan olunmalıdır, sərhəddə ciddi müayinələr aparılmalıdır

Azərbaycanda katalizatoru olmayan avtomobillərə cərimələr tətbiq olunur. Xüsusən Bakıda katalizatoru olmayan avtomobillərlə bağlı reydlər keçirilir. Məlumata əsasən, reyd zamanı katalizatoru olmayan avtomobillər cərimə meydançasına aparılır və 150 AZN  cərimə olunur. Bundan sonra avtomobilin cərimə meydançasından çıxarılmasına bu şərtlə icazə verilir ki, avtomobil sahibi katalizator alaraq orada avtomobilə onu quraşdırsın. Bakı Şəhər Baş Polis İdarəsi isə açıqlamasında qeyd edib ki, katalitik təmizləyicinin olmaması ekoloji cəhətdən ciddi problemlər yaratdığı üçün bu kimi tədbirlər həyata keçirilir. Xatırladaq ki, son dövrlər Avropadan gətirilən bir çox hibrid avtomobillərinin katalizatoru Gürcüstanda çıxarılaraq Azərbaycana katalizatorsuz tranziti həyata keçirilir.

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert  Elməddin Muradlı  mövzu barədə "Şərq"ə danışıb. O, açıqlamasında vurğulayıb ki, katalizator maşının ağciyəri funksiyasını yerinə yetirir:

"O, mühərrikdən ixrac olunan zəhərli qazları təmizləyərək ətraf mühitə buraxır. Yəni katalizator olmadıqda mühərrikin ixrac etdiyi zəhərli qazlar, necə varsa elə də ətraf mühitə atılır. Bu da insan sağlamlığı üçün olduqca zərərlidir. Avtomobillər təxminən 240 adda zəhərli qaz ixrac edir ki, onların da əksəriyyəti ölümcül təsirə malikdir. Məhz bunun qarşısını almaq üçün dünyanın bir çox ölkələri katalizator mövzusuna, ətraf mühitin qorunması məsələsinə çox diqqətlə yanaşır. Və bu məsələdə də heç bir güzəşt yoxdur. Məncə də belə də olmamalıdır. Qeyd edim ki, bu işi təşkil edən bir qrup işbaz adamlar var. Onlar katalizatorsuz maşınları Azərbaycana kütləvi şəkildə gətiriblər. Həmin maşınları taksi sürücülərinə gündəlik 20-25 manata icarəyə verirlər. Düzdür, bunun qarşılığında onlar pul qazanır, amma əziyyət çəkən də taksi sürücüləri olur. Hesab edirəm ki, həmin işbazlar çox güman ki, Gürcüstanda kimlərləsə əlbir olub, orada katalizatorları sökdürürlər. Ya da belə deyək ki, ümumiyyətlə, düşüncəsiz insanlar heç ona fikir verməyiblər. Yəni necə var, elə də o maşınları alıb və ölkəyə gətiriblər. Amma hamını başa düşürük ki, pul qazanmalıdır. Hamı iş qurmalıdır, yaxud da qurmaq istəyir. Amma qaydalar çərçivəsində. Məsələn, kimsə 25 manat gündə pul qazanacaq deyə, siz nə üçün zəhərli qaz vurmalısınız?  Mən niyə zəhərli qaz udmalıyam? Biz düşünürük ki, gələcəkdə bu məsələni Dövlət Gömrük Komitəsi və Dövlət Yol Polisi birgə həll etməlidir. Yəni indiyə qədər ölkəyə gətirilənlər artıq gətirilib və onların ölkədən çıxarılması mümkün deyil. Sadəcə hazırda yol polisi də sürücülərə vaxt verib ki, məsələni qısa müddətdə həll etsinlər".

Ekspert hesab edir ki, gələcəkdə belə maşınların ölkəyə gətirilməməsi üçün mütləq Gömrük  Komitəsinə və Dövlət Yol Polisinə ayrıca səlahiyyət verilməlidir:

"Nəinki hibrid avtomobillərinin katalizatorsuz versiyaları, ümumiyyətlə, qəzalı avtomobillərin ölkəyə gətirilməsinin qarşısı alınmalıdır. Biz avtomobil parkının yenilənməsinə çalışmalıyıq. Bu istiqamətdə səylər göstərməliyik. Bunun üçün də dünyanın bir çox ölkələrində mövcud olan təcrübə Azərbaycanda da tətbiq edilməlidir. Bu da ondan ibarətdir ki, qəzalı avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır. Bunun da yeganə çıxışı odur ki, gömrükdən keçəndə buna baxış keçirilməlidir. Güclü mütəxəssislər orda oturmalıdır, o maşınları bir-bir müayinə etməlidir. Əgər qəzalı avtomobildisə, geri qaytarmalı və ölkəyə girişi qadağan olunmalıdır. Çünki Azərbaycan maşın qəbiristanlığı deyil. Normal maşınlar gətirilməlidir. Hesab edirəm ki, əgər normal maşınlar gətirilərsə, o zaman qəzaların sayı azalacaq və yaxud da qəza baş verəndə orada ölüm və ağır xəsarət sayı aşağı olacaq. Çünki təzə maşın, qəzasız maşın o deməkdir ki,  orada təhlükəsizlik elementləri var, aktivdir. Amma qəza keçirmiş maşında artıq təhlükəsizlik yastıqları yoxdur, elektrik sistemi çürüyüb gedib. Maşın özü bir gün getdiyi yerdə öz-özünə yanacaq.  Necə ki, Azərbaycanda hər gün maşın yanır. Niyə yanır? Çünki hamısı qəzalı maşınlardır, xaricdən gətirilib. Ona görə də düşünürəm ki,  belə maşınların ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmalıdır".