Tələbələrin vəziyyəti nəzərə alınmalıdır


Auditoriyalarda imtahanlar ənənəvi qaydada təşkil edilə bilər

Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, nazir Emin Əmrullayevin imzaladığı müvafiq əmrdə bildirilir ki, müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunmalıdır. Əmrdə qeyd edilir ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar.

Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalıdır. İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, artıq üçüncü semestrdir ki, imtahanlar distant formada təşkil edilir. O qeyd edib ki, məsafədən təşkil edilən imtahanlar tələbələrə bir sıra çətinliklər yaradır:

"Təbii ki, bizim 51 ali təhsil müəssisəsində təhsil alan 182 min tələbəmiz üçün bu formada imtahanların təşkil edilməsi müəyyən qədər çətinliklər yaradır. Bunun əsas səbəbi imtahanlara qoşulmaq üçün tələb olunan internetin bəzi hallarda olmaması və yaxud da sürətinin zəif olması ilə bağlıdır. Digər tərəfdən qeyd edim ki, əvvəllər yazılı imtahanlarda tələbələrə üç saat ərzində vaxt verilirdi. Bu müddət ərzində onlar imtahanda öz bilik və bacarıqlarını nümayiş etdirirdilər. Ancaq indi onlar çox qısa vaxt ərzində təxminən 10-15 dəqiqə ərzində verilmiş sualları cavablandırmalıdırlar. Təbii ki, bu da onların imkanları xaricindədir". 

K.Əsədov əlavə edib ki, qiymətləndirmə zamanı tələbələr bu qısa müddət ərzində müsbət qiymət almaqda da müəyyən qədər çətinliklərlə qarşılaşırlar:

"Çünki yazılı imtahan verməyə öyrəşmiş, yəni öz fikrini yazmağa önəm vermiş tələbələr prosesi şifahi qaydada həyata keçirməkdə çətinliklərlə üzləşirlər. Düzdür, əslində akademik bilgilərin daha yaxşısı şifahi formada özünü ifadə etməyi əks etdirir. Amma distant formada  artıq üçüncü dəfə keçirilən imtahanlarda bir sıra çatışmazlıqlar yaranmaqdadır. Məsələn, imtahanın gedişində tələbə fikrini ifadə edəndə, danışanda birdən internet kəsilir və bu zaman artıq onun imtahan qiyməti qeyri-kafi hesab edilir. Hesab edirəm ki, belə amillər mütləq nəzərə alınmalıdır. Qeyd edim ki, onlayn imtahanlar zamanı müəllimlər tərəfindən qeyri-qanuni tələblər də baş verməkdədir. Belə ki, bizim bəzi müəllimlərimiz imtahandan öncə onlayn platforma üzərində tələbələrlə razılaşırlar və onların cavablarından asılı olmayaraq qiymətlər yazırlar. Yaxud da ki, cavabından asılı olmayaraq tələbələrdən hər hansı təmənna güddüklərinə görə tələbəni imtahan prosesində kəsirlər. Əlbəttə ki, bu proseslər qeydə alınır. Amma bu  heç də o demək deyil ki, prosesin tam olaraq şəffaflığı təmin edilir. Fikrimcə, müəyyən fənlər üzrə imtahanlar ənənəvi qaydada təşkil edilə bilər. O tələbələrə ki, onlayn qaydada imtahanlarda iştirak etmək onlara çətindir və bu tipli qiymətləndirmə onlara uyğun deyil. Hesab edirəm ki, onlara ali təhsil müəssisələrinin auditoriyalarında imtahanların keçirilməsi üçün şərait yaradılsa yaxşı olar".