Qarabağa gediş-gəliş asanlaşacaq

"Azad edilmiş ərazilərimizdə işğaldan əvvəl mövcud olmuş dəmir yollarının bərpası gözlənilir"


"Daha bir dəmir yolu xəttinin tikintisinə start verilir. Artıq Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb. Bütövlükdə, azad edilmiş ərazilərimizdə işğaldan əvvəl mövcud olmuş dəmir yollarının bərpası gözlənilir". 

Bunu "Şərq"ə açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.

V.Bayramov vurğulayıb ki,  bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq: "Vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər.

Digər tərəfdən, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir.

Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək".