Məişət zorakılığından əziyyət çəkən insanların sayı artıb


Yeni yaradılan mərkəzlərin qapısı ictimaiyyətin üzünə açıq olmalıdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə əsasən, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni tərkibdə yaradılmış “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Komissiyası”nın ilk iclası olub. Nazirlikdən  verilən məlumata görə, komissiyanın tərkibi əmək və əhalinin sosial müdafiəsi, ədliyyə, təhsil və daxili işlər, səhiyyə nazirliklərinin, Sosial Xidmətlər Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq strukturların nümayəndələrindən ibarətdir.

Sosial Xidmətlər Agentliyinin sədri, Komissiyanın sədri Vüqar Behbudov iclasda bildirib ki, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əvvəllər bir sıra qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası aparılsa da, onların sonrakı fəaliyyətinin necə olduğu, hazırda da həmin mərkəzlərin fəaliyyətinin hansı səviyyədə olduğu məlum deyil. Ona görə də yeni komissiya tərəfindən həmin qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyətinə davamlı nəzarət həyata keçiriləcək, yeni yaradılan mərkəzlər isə komissiya tərəfindən akkreditə olunacaq.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən "Yenisabah.az" saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib ki, məişət zorakılığına qarşı mübarizə təkcə ayrı-ayrı dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında dayanan ən ümdə vəzifələrdən biri olmalıdır:

"Həqiqətən, son illər Azərbaycanda məişət zorakılığından əziyyət çəkən insanların sayı artıb. Cəmiyyətdə aqressiyanın artması özünü zərif cinsin nümayəndələrinə münasibətdə daha çılpaq şəkildə göstərir.

Hesab edirəm ki, məişət zorakılığına qarşı mübarizə imitasiya xarakteri daşımamalıdır. Kimsə xaricdən qrant almaq, yaxud daxildə hesabat vermək üçün bu işlərlə nəşğul olmamalıdır.

İstər dövlət qurumları, istərsə də QHT-lər problemin mahiyyətinə varmalı, zorakılığı doğuran səbəblərin kökünə enməlidirlər. Məişət zorakılığına məruz qalmış zavallı insanların faciəsi başqaları üçün pul, qrant mənbəyinə çevrilməməlidir".

S.Verdizadə qeyd edib ki, məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin yaradılması özlüyündə nəcib təşəbbüsdür:

"Bu mərkəzlərin qapısı ictimaiyyətin üzünə açıq olmalı, hesabatlılıq təmin edilməlidir. Azərbaycanda effektiv ictimai nəzarət mexanizmi qurulmalıdır. Biz ancaq bir-birimizin fəaliyyətinə nəzarət etməklə hər birimizin rahat yaşayacağı cəmiyyət yarada bilərik".