"Zəngəzur dəhlizi Çindən İngiltərəyə uzanan geosiyasi planın tərkib hissəsidir"

"Gürcüstan Azərbaycanın indiyədək qərb qapısı olaraq istifadə olunub. Ancaq ermənilər hər zaman Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışıblar". 
Bu sözləri "Şərq TV"yə açıqlamasında siyasi-şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, son proseslər fonunda da Zəngəzur dəhlizi gündəmə gəlib:

"Gürcüstanda bəzi qüvvələr hesab edir ki, Zəngəzur dəhlizi Gürcüstan üzərindən keçən marşrutların aktuallığını azalda bilər.

Halbuki, elə deyil.  İlk növbədə qeyd edim ki, Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvana və Türkiyəyə quru əlaqəsinin yaradılmasında mühüm rol oynayır. 

Zəngəzur dəhlizinin açılması Türkiyədən Mərkəzi Asiyaya uzanan coğrafiyanı birləşdirəcək ki, bu da parçalanmış türk coğrafiyasının bütövləşməsi deməkdir.

Lakin Zəngəzur dəhlizi həm də qlobal dəyişikliyin fonunda  Çindən İngiltərəyə uzanan geosiyasi planın - “Bir kəmər, bir yol layihəsi”nin də tərkib hissəsidir.

Təbii ki, belə bir dəhlizin gündəmə gətirilməsinin səbəblərindən biri də məhz Gürcüstan marşrutunda yarana biləcək problemlərə qarşı alternativ marşrutun yaradılmasıdır.

Çünki biz bilirik ki, Gürcüstan daha çox Amerikaya yaxın olan və daha çox onun təsirində olan ölkədir. Məlum olduğu kimi, Amerika Çinin ”Bir kəmər, bir yol" layihəsinə qarşı çıxır. Bu kontekstdə gələcək üçün layihə işə düşürsə, gələcəkdə Zəngəzur dəhlizi məhz yaranacaq problemlərə qarşı alternativ marşrut olacaq. Qeyd edim ki, Gürcüstan-Azərbaycan üzərində yeni proseslərdə Fransanın da müəyyən bir addımları müşahidə edilir, xüsusən də Cavaxetiya üzərindən. Çünki Cavaxetiya Azərbaycanın enerji layihələrinin keçdiyi yola yaxındır. Zaman-zaman bilirik ki, hətta Rusiyanın da müəyyən cəhdləri olub". 
A.Nərimanlı qeyd edib ki, Zəngəzur dəhlizi Rusiyanın, İranın, ABŞ-ın və Fransanın timsalında Avropanın marağında deyil və hər bir oyunçu müxtəlif gedişlər edir.