Vəziyyəti gərginləşdirən Ermənistan tərəfidir

"Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir"


"Azərbaycan öz sərhədlərinin bərpası və sərhəd müdafiə sistemini gücləndirmək istiqamətində konkret addımlar atır. Bu, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə, o cümlədən  beynəlxalq hüquq normalarına zidd deyil. Burada hər hansı başqa məqam axtarmaq siyasi təxribat və ikili standartlar əsasında selektiv yanaşma nümayiş etdirməkdir”. 

Bu fikirləri "Şərq"ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq bildirib ki, Ermənistan bu zamana qədər müxtəlif məsələlərlə əlaqədar manipulyativ və təxribatçı yanaşma nümayiş etdirib:

“İstər keçmiş münaqişə, istər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də postkonflikt mərhələsində də bu reallığın şahidi olmuşuq. Zəngəzur dəhlizinin açılması ilə bağlı manipulyativ açıqlamaların verilməsi, minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması, keçmiş münaqişənin din kontekstində və sivilizasiyaların qarşıdurması fonunda təqdim olunmasına cəhd göstərilməsi və digər məqamlar bu baxımdan xüsusi qeyd edilməlidir. Təbii ki, bütün bunlar uğursuz gedişlərdir və heç bir nəticə verməyib, verməyəcək”. 

N.Qələndərli əlavə edib ki, sərhədlərin delimitasiyası və demarkasiyasının regionda dayanıqlı sülhün və etibarlı təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

"Ermənistanın məsələni beynəlmiləlləşdirməyə çalışması absurd yanaşma və uğursuz cəhddir. Beynəlxalq ictimaiyyətə də yaxşı məlumdur ki, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir və özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işi aparır. Ermənistan vəziyyəti gərginləşdirməyə və məsələnin mahiyyətini – reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir”.