Operativ qərargah cəmiyyətin səsini eşitməlidir - Açıq havada maskaya son!

"Məsuliyyəti cəmiyyətlə bölüşmək lazımdır. İnsanlardan ömrünün axırına kimi qadağalarla yaşamağı tələb etmək doğru deyil"


“Koronavirus pandemiyasından xilas olmaq üçün axtarışlar davam edir. Ümid edək ki, vaksinləşmə prosesi həyatımızda yeni dövrün başlanmasına səbəb olacaq. İlk gündən bu fikirdə olmuşam ki, insanları dörd divar arasına qapamaq çıxış yolu deyil. Virusdan xilas olmaq üçün bütövlükdə cəmiyyəti səfərbər etmək lazımdır”. 

Bu fikirləri "Şərq"ə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. S.Verdizadə qeyd edib ki, dünyanın pandemiya ilə bağlı yetərli məlumatı olduğu üçün cəmiyyətlə aşağı sinif şagirdi kimi davranmaqdan vaz keçilməlidir:

“Bir ildən çoxdur ki, insanlar maarifləndirilir, onlara özlərini qorumağın yolları öyrədilir. İnsanlar artıq öyrəndiklərini tətbiq etməlidirlər. Məncə, məsuliyyəti bir az da cəmiyyətin üzərinə qoymaq lazımdır. Bunu cəmiyyətə açıq şəkildə elan edib, yumşalma tədbirlərinə gedilməlidir. Mən ilk gündən bir ziyalı olaraq insanları Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etməyə çağırmışam. Virusun yoluxma sayının pik həddə çatdığı vaxtlarda bu çağırışlara ehtiyac vardı. Özüm də bu qaydalara tam olaraq riayət edərək cəmiyyətə nümunə olmağa çalışmışam. Lakin hesab edirəm ki, biz artıq pandemiya ilə əlaqədar təhlükəli mərhələni geridə qoymuşuq. Azərbaycan könüllü şəkildə vaksinasiya prosesində iştirak edir. Məndə olan məlumata əsasən, bu gün Azərbaycan vaksinasiya olunan şəxslərin sayına görə MDB məkanında liderlik edir. Əhalinin çağırışlara uyaraq vaksinasiya prosesində aktiv iştirakı, digər lazımi bütün qaydalara əməl etməsi Operativ Qərargahın öz qərarlarına yenidən baxmasına səbəb olmalıdır. Artıq bir il öncəki şəraitə uyğun qərar verilməsindən əl çəkmək lazımdır. Bir çox ölkələrdə karantin rejiminin yumşaldılması ilə əlaqədar addımlar atılır". 

Jurnalistin sözlərinə görə, yumşalma tədbirlərinə açıq havada maskadan imtinadan başlamaq olar:

“Çox absurd qərardır. Dərhal ləğv olunmalıdır. Bu qərarı qəbul edən Operativ Qərargah üzvləri nəinki açıq havada, heç qapalı məkanda da maska taxmırlar. Biz Operativ Qərargahın iclaslarında bunun şahidi olmuşuq. Bundan başqa, fikrimcə, 250-300 nəfəri avtobusa dolduran adamlar 50-100 nəfərlik açıq havada toy məclisinin keçirilməsinə mane olmamalıdır. Mən hələ də anlaya bilmirəm ki, 200 nəfəri bir avtobusa doldurmaq istəyənlərin məqsədi nədir? Bu suallara cavab verilməlidir. Düşünürəm ki, Operativ Qərargah bu məsələlərdə həssas davranmalıdır. Bu kimi qərarlara təkcə məmurlar və həkimlər qərar verməməli, psixoloqların da bu prosesdə iştirakı təmin olmalıdır. Aylarla insanları dörd divar arasına məhkum etmək onların psixologiyasına da mənfi təsir edib. Biz cəmiyyət olaraq sözəbaxan şagird kimi pandemiya başlayan gündən bəri Operativ Qərargahın bütün tələblərinə əməl edirik. İndi də Operativ qərargah zəhmət çəksin cəmiyyətin səsini eşidib, tələblərinə əməl etsin. Xüsusilə, açıq havada maska taxmaq kimi absurd qərarı dərhal dəyişdirmək lazımdır”.

Baş redaktor metronun açılmasının da vacib olduğunu deyib:

“150 nəfəri bir avtobusa dolduran adamların məqsədinin nə olduğunu hələ də anlamıram. Məncə, virusun yayılmasında avtobusların da “xidməti” var. Hesab edirəm ki, metronu açmağın vaxtı çatıb. İnsanları küçələrdə süründürməkdən əl çəkmək lazımdır. Bir az əvvəl də qeyd elədim, məsuliyyəti cəmiyyətlə bölüşmək lazımdır. İnsanlardan ömrünün axırına kimi qadağalarla yaşamağı tələb etmək doğru deyil”.