Həbsxanalarda texniki məktəblər açılmalıdır

"Bunun sayəsində həmin uşaqlar orada bir çox bacarıqlara sahiblənə bilərlər"


Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Ombudsmanın sorğusu əsasında Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin Konstitusiyanın 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Plenumda iş üzrə mülahizələr, ekspert rəyi və işin materialları müzakirə edilərək qərar qəbul olunub.

Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələri Konstitusiyanın 17-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etmir. Belə ki, məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin olunması məsələsini həll edərkən, ilk növbədə, onların Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Qeyd edək ki, Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Mövzuya münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq"ə açıqlamasında bu təşəbbüsü yüksək dəyərləndirdiyini ifadə edib. Onun sözlərinə görə, bu, gənclərin cəmiyyətə adaptasiya olunmasında mühüm rol oynayacaq: 

"Bu, təşəbbüsün həyata keçirilməsi çox vacib idi. Yəni ölkəmizdə ilk dəfə az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verilməsi olduqca  mühüm məsələdir. İstərdim ki, bununla yanaşı burada olan uşaqların təhsil almaları üçün də şərait yaradılsın. Yəni həbsxanalarda texniki  məktəblərin  açılması daha məqsədəuyğun olardı. Bunun sayəsində həmin uşaqlar orada bir çox bacarıqlara sahiblənə bilərlər. Bu günləri Azərbaycana ən çox santexnik işçiləri, elektriklər, qaynaqçılar lazımdır. Yəni bu istiqamətdə addımlar atılsa, təbii ki, onlar yenidən həyata qayıda bilərlər. Çünki onlar hər hansı bir sənətə sahib olmasalar yenidən küçəyə düşə bilərlər və yenidən cinayət əməlləri törədə bilərlər. Yəni sənəd məktəblərini qurtaranlar iş yerləri tapmaqda bir o qədər də əziyyət çəkməyəcəklər. Ona görə də bunların hamısı tam kompleks olmalıdır".