Ombudsman terrorçulara baş çəkdi, rəftardan narazılıq yoxdur

Novella Cəfəroğlu: "Onlar terror qruplaşmaları olsa da onlara hüquqlarının izah olunması vacibdir"



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirdiyi başçəkmə zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvlərinə növbəti dəfə baş çəkib.
Ombudsman Aparatından bildirilib ki, başçəkmə zamanı Ombudsman həmin şəxslərlə təkbətək görüşərək onların hüquqlarının təmini vəziyyətini araşdırıb. Qəbul olunmuş təqsirləndirilən şəxslər saxlanma şəraitindən, qidalanma və tibbi xidmətdən, onlara göstərilən rəftardan razılıq ediblər. Ombudsman tərəfindən fərdi qaydada həmin şəxslərin müraciətləri dinlənilib, onlara öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub. Başçəkmə çərçivəsində aparılmış araşdırmaların nəticəsi əsasında Ombudsmanın Ad hoc hesabatı hazırlanaraq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının 2020-ci il 10 noyabrda imzaladıqları üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasından 1 ay sonra, 12-13 dekabr tarixlərində Azərbaycan ərazisində 4 Azərbaycan hərbçisinin qətlə yetirilməsi, 1 mülki şəxsin ağır yaralanması ilə nəticələnən cinayət və terror aktlarının qarşısı alınarkən həbs olunublar.


Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq"ə açıqlamasında bildirib ki, bu təşəbbüsü yüksək dəyərləndirir. O qeyd edib ki, onlar terror qruplaşmaları olsa da onlara hüquqlarının izah olunması vacibdir:


"Ombudsman bütün beynəlxalq insan hüquqları təşkilatlarına ilə yazışma aparır, o cümlədən Ermənistanla da. Qeyd edim ki, onlar terror qruplaşmaları olsa da onların vəziyyəti barədə daim dünyaya operativ şəkildə məlumatlar çatdırılmalıdır. Çünki bilirsiniz ki, çox zaman ermənilər tərəfindən onlara yaxşı baxılmadığı və onlarla pis rəftar edildikləri barədə dünyaya yalan informasiyalar yayırlar. Ancaq bilirsiniz ki, Azərbaycanda hər hansısa bir şəxs cinayət törətsə də, onun hüquqlarının müdafiə edilməsi haqqı var. Hətta bu hüquq terrorçulara da şamil olunur. Yəni hər bir kəsin insan haqları qorunmalıdır. Ona görə də hesab edirəm ki, Ombudsmanın ora getməsi çox vacibdir".