Ən optimal variant 70 nəfərlik toy mərasimi keçirməkdir

Deputat deyib ki, məhdudiyyətlər aradan qaldırıldıqca insanlarımız daha da məsuliyyətli olmalıdır


Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-də deyib.
Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq: “Ümumiyyətlə, vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır. Bir ildir deyirik ki, normal həyatın anlayışı dəyişəcək. Təəssüf ki...”.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, vaksinasiya prosesinin getməsi, yoluxmanın aşağı düşməsi insanlarda tam arxayınlıq yaratmamalı, ehtiyat tədbirləri əldən verilməməlidir. O qeyd edib ki, məhdudiyyətlər aradan qaldırıldıqca insanlarımız daha da məsuliyyətli olmalıdır:

"Əlbəttə ki, toy və yas mərasimlərinin təşkilinə icazənin verilməsi barədə qərar müvafiq təhlillərdən sonra aidiyyəti qurumlar tərəfindən veriləcək. İndiki vəziyyətdə bu barədə qərar verilərsə, açıq havada, kütləvi toplaşma olmadan toy və yas mərasimlərini təşkil etmək olar. Lakin insanlarımız bundan sonra da ehtiyatı əldən verməməlidir. Əvvəllər toy mərasimlərində 400-500, hətta daha çox insan iştirak edirdi. Yas mərasimlərində də bəzən 200-300 insan olurdu. Hazırkı vəziyyətdə bu qədər insanın bir yerə toplaşması çox təhlükəli şərait yarada bilər. Ona görə də ən optimal variant kimi 50-70 nəfər arası mərasimlərin təşkili məqbul ola bilər. Amma bir daha qeyd edim ki, bu barədə qərarı aidiyyəti qurumlar verəcək".
Deputat bildirib ki, hazırda insanlarımız daha çox vaksinasiyada iştirak haqqında düşünməlidir: "Dövlət bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirir. Dünyanın bir çox ölkələrində hələ də vaksinasiya başlanmasa da, artıq Azərbaycanda bu proses yüksək səviyyədə təşkil olunub. Ona görə də vətəndaşlarımız da bu prosesdə aktiv iştirak etməli, özlərinin, ailələrinin, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olunmalıdır. Əgər vaksinasiya prosesində insanlarımızın böyük əksəriyyəti iştirak edərsə, virusa qarşı hər bir insanda immunitet formalaşarsa, o zaman məhdudiyyətlər də tezliklə aradan qalxar, normal həyat geri dönər".