Tolikdən deputata: ”Nizamnamənizdə Şuşada toy təşkilatçılığı da var?!”

Ötən gün deputat Tural Gəncəliyev pandemiya bitdikdən sonra Şuşada ilk toyu reallaşdırmağın mümkün olduğunu söyləyib. O deyib ki, Cıdır düzündə evlənmək istəyən gənclər sədri olduğu “Qarabağa dönüş” İctimai birliyinə müraciət etsinlər.
“Sherg.az” xəbər verir ki, millət vəkilinin bu açıqlaması sosial şəbəkələrdə müzakirə doğurub. Aparıcı-prodüser Tarix Əliyev (Tolik) isə T.Gəncəliyevin fikirlərinə irad bildirib. O İnstaqram hesabında paylaşdığı videoda bu sözləri deyib:
“Əvvəla soruşuram ki, nizamnamənizdə toy təşkilatçılığı da var ? Nəyə əsasən hansı siyahını toplayırsınız? Fikrimcə, siz də daxil olmaqla 125 millət vəkili öz maaşınızdan 300 manat  pul ayırın. Vətən müharibəsinin qaziləri var ki, nikah ediblər, toyları olmayıb. Beləliklə Qarabağda Cıdır düzündə onların toyunu təşkil edin. Beləsi daha məqsədəuyğundur. Qanları bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin də ruhu  onlarla çiyin-çiyinə döyüşən əsgərlərin Qarabağda toyu baş tutduğu üçün şad olar”.